20.04.2026, 17:57
AZ EN
20.04.2026, 16:25 30

“Mənim bircə arzum var idi – Xankəndiyə qayıtmaq...”

QARABAĞ
  • “...Hər şənbə, bazar günləri ata yurduma gedirəm. Evimizdə əzizlərimi xatırlayıram; Atamı, anamı, 2 ildi dünyasını dəyişən qardaşımı, qəhrəman bacımı, itkin qardaşımı... Qapını açıb içəri keçəndə onların mənim yanımda olduqlarını hiss edirəm. Hiss edirəm ki, hətta küçədə də mənimlə addımlayırlar...” Xankəndi sakini, doğma yurduna qayıtmış Nəzakət Lətif qızı İsmayılova belə deyir. Nəzakət xanımın həyat hekayətini səssiz, ağrısız dinləmək olmur.

O, 1973-ci ildə Xankəndidə anadan olub. Ailənin 8 övladının sonuncusudur. Uşaqlıq, yeniyetməlik illəri Xankəndidə keçib.  Burada erməni separatizminin baş qaldırdığı 1988-ci ildə ailəliklə evlərini tərk emək məcburiyyətində qalıblar. Evi ermənilər zəbt ediblər. Nəzakətgil əvvəlcə Ağdama gəliblər, sonra isə Xocalı şəhərində məskunlaşmalı olublar. O, 1991-ci ildə bu şəhərdə ailə qurub. Cəmi doqquz ayın gəlini olan Nəzakətin həyat yoldaşı Vidadi Xocalı soyqırımının qurbanlarındandır. Soyqırım hadisəsindən bir ay sonra qızı Ülviyyə dünyaya gəlib.

Onu da qeyd edək ki, Nəzakət xanımın özündən iki yaş böyük bacısı Zöhrə Quliyeva Xocalı özünümüdafiə batalyonunda döyüşçü, tibb bacısı olub. Gəncə Texnologiya Texnikumunda qiyabi təhsil alan vətənpərvər qız doğma yurdun müdafiəçiləri sırasına qoşulub. Nəzakət onun haqqında belə deyir: “1990-cı ilin noyabrında bir dəfə bacım avtobusla Ağdamdan Xocalıya gəlirmiş. Əsgərandan keçəndə ermənilər avtobusu güllə-barana tuturlar. Sürücü İlqar Novruzov yaralanır. Həmin anda Zöhrə özünü itirmir, sükan arxasına keçərək avtobusu idarə edir və 32 nəfər sərnişini sağ-salamat Xocalıya gətirib çıxarır...”

Zöhrənin igidliyi haqqında başqa bir hekayət də var. Xocalı soyqırımı zamanı o, qonşu qadının körpəsinə gücü çatmadığını görüb uşağı öz kürəyinə şəlləyir. Ancaq yolda yaralandığı üçün uşağı doğmalarına verir. Yaralı vəziyyətdə belə özünü itirmir, döyüş yoldaşlarına tibbi yardım göstərir. Və nəhayət, düşmənə əsir düşməsin deyə, son gülləsini öz sinəsinə sıxır. “Zöhrənin məzarı Ağdamın Şəhidlər Xiyabanındadı. Torpaqlarımız işğaldan azad edildikdən sonra Zöhrə bacımın da məzarını tapıb ziyarət etdim, onunla xeyli söhbətləşdim,” – deyə Nəzakət xanım bildirir.  Cəsur döyüşçü qızın şücaətini ulu öndər Heydər Əliyev layiqincə dəyərlərndirib, özünün 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə onu ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edib.

Nəzakət xanımın qardaşı Zakir Quliyev də iyirmi səkkiz yaşında Xocalı soyqırımında itkin düşüb. Bu günədək ondan bir xəbər yoxdur.

…Xocalıda 3 əzizini itirən Nəzakət xanım körpə qızı və valideynləri ilə birlikdə məcburi köçkünlüyün ağrı-acısını yaşayıb. Əvvəlcə Naftalanda, sonra Goranboyda müvəqqəti məskunlaşıb. Köçkünlük illərində ata-anasını da itirib. Həmin dövrü xatırlayan Nəzakət xanım deyir: “Əvvəldən körpələr evində işləmişdim. Goranboyda da öz işimlə bağlı çalışdım. Qızımı böyütdüm, indi şükür, ailəsi, 3 övladı var. Düz 36 il doğma vətənimə - Xankəndimə həsrət qaldım. Onda mənim bircə arzum var idi - Xankəndiyə qayıtmaq! Düşünürdüm ki, yurduma qayıtsam itirdiyim doğmalarımın da ruhları şad olar. Şükür, torpağıma qayıtdım”.

…Nəzakət xanım ən böyük arzusuna çatıb. İndi Xankəndidə yaşayır. Burada 1 nömrəli uşaq bağçasında dərzi kimi çalışır. Özünü xoşbəxt sanır. O deyir: “Qoy, bu sevinc dogma-yurd yuvasını itirmiş hər bir kəsə nəsib olsun! Bizə bu xoşbəxtliyi yaşadan şəhidlərimizə borcluyuq. Allah qazilərimizə can sağlığı versin, yaşasın müzəffər Prezidentimiz!”

Mina RƏŞİD

Oxşar xəbərlər