20.04.2026, 16:17
AZ EN
20.04.2026, 14:27 65

“Burada dövlətimiz tərəfindən hər bir şərait yaradılıb” - “Böyük Qayıdış”ın ilk müjdəçisi Ağalı

YAZILAR
  • Böyük Qayıdışın ilk ünvanı olan Ağalı kəndi azad edilmiş torpaqlarda dirçəlişin ən uğurlu modelidir. Müasir standartlara uyğun yenidən qurulan bu yaşayış məntəqəsi öz sakinlərini qarşılayaraq, Qarabağ və Şərqi Zəngəzurda bərpa olunan dinc həyatın simvoluna çevrilib.

İlk köç karvanı ilə doğma yurdlarına dönən ailələr artıq dörd ildir Ağalıda məskunlaşaraq firavan ömür sürürlər. Kəndə səfərimiz zamanı diqqət çəkən əsas məqamlardan biri həyətyanı sahələrdəki gözoxşayan yaşıllıq və abad bağ-bağat oldu. Yazın ən gözəl çağında təbiətin təravəti ilə Ağalının siması daha da gözəlləşib, burada yeni həyatın nəfəsi aydın hiss olunur.

Məhərrəmovlar ailəsinin həyətində ata ilə oğulun bağda çalışması diqqətimi çəkdi. Ailə başçısı Emin Məhərrəmov bizi evinə dəvət edərək, Ağalıdan məcburi köçkün düşdükləri ağır günlərdən, ötən illərin həsrətindən və “Böyük Qayıdış” sayəsində yenidən canlanan doğma yurdlarındakı bugünkü xoşbəxt həyatlarından danışır: “1993-cü ildə ailə üzvlərimlə birgə buradan köçkün düşdük. Həmin vaxt ermənilər yolu Cəbrayıl istiqamətində bağlamışdı, ona görə biz Araz çayı ilə İrana keçdik. Həmin günü indiki kimi xatırlayıram, ailədə beş nəfər idik, çox çətin anlar yaşadıq. Daha sonra Sumqayıt şəhərində peşə məktəbinin binasında məskunlaşdıq. Orada təxminən 15 ildən çox yaşadıq. Hər birimiz boya-başa çatdıq, ailə qurduq. İllər ötsə də, Zəngilana qayıdacağımız günü səbirsizliklə gözlədik. Həmin arzularımız 2020-ci ildə gerçəkləşdi.”

Emin Məhərrəmov qeyd edir ki, torpaqlarımızın azad olunması ilə uzun illərin həsrətinə son qoyulub: “Ordumuz torpaqlarımızı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında cəmi 44 günə azad etdi. Qısa müddətdə kəndlər, yaşayış yerləri yenidən qurulmağa başladı. Mənə 2022-ci ildə zəng gəldi ki, “Siz Ağalıya qayıdırsınız”. Bu, həyatımın unudulmayacaq və ən qürurlu anı idi. Axı, 13 yaşımda çıxdığım doğma yurda qayıdırdım.”

Ağalı sakini kənddə yaradılan şəraitin ən yüksək standartlara cavab verdiyini vurğulayır. O, doğma yurda qayıdarkən qarşılaşdığı mənzərənin – müasir evlərin, abad yolların və geniş infrastrukturun onda böyük qürur hissi yaratdığını bildirir. Bu gün ailəsi, qohumları və qonşuları ilə birgə yenidən Ağalıda məskunlaşan həmsöhbətimiz qeyd edir ki, həm özünün, həm də həyat yoldaşının işlə təmin olunması, övladlarının isə müasir məktəbdə təhsil alması dövlətin onlara göstərdiyi daimi diqqət və qayğının bariz nümunəsidir.

“Dörd ildir buradayam. Bu illər ərzində kəndimizdə həyat yenidən canlanıb. Ağalıda hər fəslin öz gözəlliyini hiss edirik. 30 il boş qalan sahələr əsl sahiblərinin zəhməti ilə yenidən dirçəlir. Hər il öz həyətimizdə müxtəlif tərəvəzlər əkirik, məhsulumuz bol olur”, - deyə Emin Məhərrəmov kənd həyatından həvəslə danışır.

Ailə başçısının həyat yoldaşı Xəyalə Məmmədova da doğma yurda qayıdışın onun üçün xüsusi məna daşıdığını bildirir. O, uşaqlıq xatirələrini bizimlə bölüşür: “Zəngilan mənim ata-baba yurdum olub. Atam hələ 19 yaşında olarkən Sumqayıta köçüb, orada ailə qurub, mən də Sumqayıtda dünyaya göz açmışam. 1993-cü ildə torpaqlarımız işğal olunan vaxt 10 yaşım var idi. Ata-baba yurdum olan Zəngilana həmin vaxta kimi uşaq yaşlarımda bir dəfə gəlmişdim. Həmin anı yuxu kimi xatırlayıram. Qatarla gəlmişdik və yolüstü stansiyada dayanıb qarğıdalı almışdıq.”

Xəyalə Məmmədova torpaqlarımızın azad olunacağına hər zaman böyük ümid bəsləyib. O, uşaq yaşlarından böyüklərindən Zəngilan haqqında daim məlumat aldığını, atasının bu yurdun füsunkar təbiəti, sıx meşələri və çayları barədə xatirələri ilə böyüdüyünü bildirir. Atasının bu günü görmədən dünyasını dəyişməsindən təəssüf hissi keçirən həmsöhbətimiz, bu gün bir övlad olaraq valideyninin arzusunu reallaşdırdığını və doğma yurdda yaşamaqdan qürur duyduğunu vurğulayır. O, həmçinin Ağalıya köçmək təklifi alan kimi heç bir tərəddüd etmədən razılıq verdiyini diqqətə çatdırır. “2022-ci ildə zəng gəldi və “Ağalıya köçmək istəyirsinizmi” - deyə soruşulanda bir saniyə belə düşünmədən “bəli” dedim. Artıq 4 ildir burada yaşayırıq. Kəndimizdə hər bir şərait var – məktəb, bağça, istirahət parkı və digər sosial obyektlər. Mən həm məktəbdə işləyirəm, həm də uşaqlar üçün rəqs dərsləri keçirəm. Bundan başqa, həm də gözəllik salonu işlədirəm. Bura qayıdandan sonra, yer ayırdılar, avadanlıqlar da verildi”, - deyən Xəyalə xanım dövlətin onlar üçün yaratdığı şəraitdən razılıqla söz açır.

Ailənin azyaşlı övladları da Ağalıda yaradılan şəraitdən olduqca razıdırlar. Valeh, Saleh və Emilya artıq kənd məktəbində təhsil alır, həm müasir mühitdə böyüyür, həm də yeni dostlar qazanırlar.

Bu gün Ağalıda həyat təkcə bərpa olunmayıb, həm də yeni mərhələyə qədəm qoyub. Otuz ilə yaxın düşmən tapdağında qalan və sükuta qərq olan münbit torpaqlar indi yenidən şumlanır, əkin-biçin işləri ilə canlanır. “Böyük Qayıdış” proqramının ilk müjdəçisi olan bu kənddə ailələr doğma yurdun hərarətini hiss edərək, təhlükəsiz və firavan şəraitdə öz gələcəklərini qururlar. Ağalı artıq sadəcə bir yaşayış məntəqəsi deyil, bütün Qarabağ və Şərqi Zəngəzurda aparılan nəhəng quruculuq işlərinin, milli dirçəlişin sarsılmaz simvoluna çevrilib. (AZƏRTAC)

Oxşar xəbərlər