Yenidən qurulan Məmmədbəyli kəndinin ümumi sahəsi 51,6 hektardır. Kənddə 188 fərdi yaşayış evi inşa edilib. Bu evlərdən 39-u ikiotaqlı, 55-i üçotaqlı, 55-i dördotaqlı və 39-u beşotaqlıdır. Hər bir evin həyətyanı sahəsi nəzərə alınaraq ərazilər hasarlanıb. Evlər günəş panelləri ilə təchiz olunub, sakinlər fasiləsiz elektrik enerjisi, qaz, içməli su və yüksəksürətli internet şəbəkəsi ilə təmin edilib. Kənddaxili yollar asfaltlanıb, iki çoxfunksiyalı qeyri-yaşayış binası inşa olunub. Köçürülən ailələrin rahat və təhlükəsiz məskunlaşması üçün bütün zəruri şərait yaradılıb.
Məmmədbəylidə məskunlaşan ailələrdən biri də Orucovlar ailəsidir. Uzun illərin həsrəti artıq geridə qalıb. Onlar bu gün firavan həyatlarını doğma kəndlərində davam etdirirlər. Ailə başçısı Asif Orucov bildirir ki, bu torpaqlar qəhrəman Azərbaycan Ordusunun igidliyi sayəsində azad edilib: “Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarix yazan güclü ordumuzun azad etdiyi bu torpaqların hər qarışında şəhidlərimizin və qazilərimizin izi var. Ona görə də, bu yerlər bizim üçün müqəddəsdir. Şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Allah ordumuzu qorusun, şəhidlərimizə rəhmət eləsin, qazilərimizə də can sağlığı versin. Prezident İlham Əliyevə sonsuz minnətdarlığımızı bildiririk. Onun uzaqgörən siyasəti və güclü iradəsi nəticəsində bu gün öz doğma kəndimizə qovuşmuşuq.”
Asif Orucov əlavə edir ki, kənddə hər bir ailə üçün 12 sot həyətyanı sahəsi olan müasir evlər tikilib, işıq, qaz və su xətləri çəkilib, geniş və işıqlı yollar salınıb: "Artıq Məmmədbəylidə həyat yenidən canlanıb. Bizim Kəndin sakinləri işgüzarlığı ilə seçilir. Həyətyanı sahələrdə ağaclar əkib-becəririk, münbit torpaqlarda həm də yazda əkin işləri aparmağa hazırlaşırıq. Biz ailədə 11 nəfər olmaqla övladlarım və nəvələrim ilə birlikdə kəndə qayıtdıq. Uşaqlar yeni tikilmiş müasir məktəbdə təhsil alırlar. Kəndimiz həmçinin Zəngəzur dəmir yolu və avtomobil yolu xəttinin əhatəsində yerləşir ki, bu da gələcəkdə yeni iş yerlərinin açılmasına geniş imkanlar yaradır".
Qənfirə Orucova da Məmmədbəylidə yenidən məskunlaşmaqlarından sevinc hissi ilə danışır: “İllərlə həsrətində olduğumuz Vətənə qovuşmaq yenidən həyata qayıtmaq deməkdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında güclü ordumuzun sayəsində doğma el-obamıza qayıtmışıq. Şəhidlərimizin ruhu şad olsun, qazilərimizə can sağlığı arzulayıram. Kəndimiz münbit torpaqları, saf suları və təmiz havası ilə seçilir. İllər boyu bu günün həsrətini çəksək də, inamımızı itirmədik. Arzularımız gerçək oldu. Kənd abad şəkildə yenidən qurulub, geniş həyətlər və əkin üçün yararlı torpaqları var. Sakinlər kəndin daha da çiçəklənməsi üçün əllərindən gələni edirlər. Bir zamanlar məcburi köçkün düşən övladlarımız bu gün öz uşaqları ilə birlikdə doğma kəndlərinə qayıdıblar və illər əvvəl yarımçıq qalan xatirələr indi nəvələrimiz tərəfindən davam etdirilir".
Babasının adaşı olan ailənin balaca üzvü Asif Orucov bildirir ki, illər boyu valideynlərinin xatirələrindən tanıdığı Məmmədbəyli kəndi onu daha da valeh edib: “Ata-baba yurdumuzda yaşamaq məni çox sevindirir. Yeni evimiz, yeni məktəbimiz, yeni dostlarımız var. Sinif yoldaşlarımız müxtəlif bölgələrdən gəlsək də, bizi burada birləşdirən Məmmədbəylidir. Çünki bu kənd bizim ata yurdumuzdur. Səhərlər dağların mənzərəsi, kəndin yaxınlığından axan çay, təmiz hava bütün bunlar Məmmədbəylini daha da gözəlləşdirir.” (AZƏRTAC)