12.12.2024, 17:57
AZ EN
22.04.2022, 16:47 424

Quşlar ağacların budaqlarını özlərinə sığınacaq edirsə, deməli, bu yerlərə dönməyə dəyər...

YAZILAR
  • Görmədiyin yer, üzmədiyin hövzə, açmadığın qapı, dadmadığın yemək, oxumadığın kitab, kimidir. Həmin məkana can atmaqda bir qeyri-müəyyənlik və maraq da var. İllah da ki, bu maraq 30 ildən artıq üz tutmadığın, ayaq basmadığın, səsin-ünün yetmədiyi bölgə olanda daha böyük olur.

Bir əli ilə Kiçik Qafqaz dağlarına dirsəklənən, ayağını xan Arazın suları yuyan Zəngilan rayonuna Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkil etdiyi səfər zamanı bu duyğuları yenidən yaşadıq.

Yolboyu neçə illər sahibsiz qalmış təbiətin yazın gəlişi ilə sanki yenidən cana gəldiyini müşahidə edirik. Uzun illər istifadəsiz qalmış üzüm bağlarında meynə kolları vaxtında budanmağı üçün qol-qanad ataraq sərhəd məftillərini xatırladır. Bəzi yerlərdə sapsarı saralmış qamış, el arasında “itağacı” deyilən yabanı bitki adama boy vermir. Xarabazara çevrilən kəndlər, uçulub-dağıdılmış quru daş-divarı qalmış evlər bu yerlərə vəhşicəsinə divan tutulduğunu açıq-aydın göstərir. Ana təbiətə, günahsız ağaclara, daş-divara belə divan tutmağa adamın necə əli gələ bilər?

Amma yolboyu ürəkaçan mənzərələrə də rast gəlirik. Nəhəng bir səməni boşqabını xatırladan zəmilərin “bir ayda altı qarış” uzanan vaxtıdır. Zəminin içində ala-tala qırmızı lalələr yamyaşıl xalı üzərinə sərilmiş qırmızı yaylığı xatırladır.

Oxçuçayın sahilində

Əsgülüm və Süsən meşələri arasından axan Oxçuçayı bu yerlərə layla çalır. Zəngilan rayonundan keçərək Araz çayına qovuşan Oxçuçay mənbəyini Azərbaycanın əzəli torpaqları olan Zəngəzur silsiləsində yerləşən Qapıcıq dağından götürür. Hazırda Ermənistanın istifadəsində olan torpaqlardan keçdiyi üçün həmin ərazidə yerləşən dağ-mədən sənaye tullantılarının hesabına çay kəskin çirklənməyə məruz qalır. Ermənistan ərazisində yerləşən Qacaran mis-molibden zavodu və Qafan filiz emalı kombinatının toksik tullantıları, həmçinin Qafan, Qacaran və digər yaşayış məntəqələrində formalaşan həm məişət və istehsalat tullantı suları heç bir təmizlənmə prosesi aparılmadan birbaşa bu çaya axıdılır.

Prezident İlham Əliyev bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə deyib: “Oxçuçay çayının fəlakəti indi dünyanın gözü qabağındadır. Biz bu məsələni qaldırmışıq. Məsələni qaldıranda bizə söz verildi ki, bu fəlakəti törədən şirkət gəlib bunu təmizləyəcək. Amma artıq bundan bir il vaxt keçib, bizə heç bir təklif verilmir. Oxçuçayı zibilləyən, zəhərləyən “Cronimet” şirkətidir. Bu, böyük şirkətdir və bəzi xarici mətbu orqanlarında gedən məlumatlara görə, korrupsiya sxemləri əsasında Serjik Sarkisyanın keçmiş xunta rejiminin nümayəndələri ilə bunların qanunsuz biznes əlaqələri olub və onlar birlikdə orada o mis kombinatını işlədiblər. Ondan sonra Ermənistan hökuməti korrupsiyalaşmış həmin o erməni nümayəndələrindən bu kombinatın payını alıbdır. Ancaq bu fəlakəti törədən “Cronimet” şirkəti buna cavab verməlidir, yoxsa yox?”

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimovun verdiyi məlumata görə, uzunluğu 83 kilometr olan çayın 37 kilometri Azərbaycan ərazisinə düşür. Ölkəmizin təbii sərvətinin ermənilər tərəfindən çirkləndirilməsi ekoloji terrordur. Onun dediyinə görə, çay əsasən Qafan rayonu ərazisində yerləşən dağ-mədən sənayesinin tullantıları hesabına çirkləndirilir. Həm də Oxçuçay təkcə işğal illərində deyil, əvvəlki vaxtlarda da tullantılara məruz qalıb. Həmişə olduğu kimi, bu sahədə də bəd əməllərindən geri qalmayan ermənilər çayın çirkləndirilməsini çayın Azərbaycana keçdiyi hissədən həyata keçirir.

Çay normadan 5,5-7 dəfəyə qədər çirklənməyə məruz qalıb

Düşmən işğalından azad olunmuş ərazilərdə 11 avtomat hidroloji stansiyadan 4-ü Ermənistanla sərhəddən 10,01 kilometr məsafədə Şayıflı kəndi ərazisində Oxçuçay, 2,65 kilometr məsafədə Zəngilan rayonunun Rəzdərə kəndi ərazisində Bəsitçay və 6,5 kilometr məsafədə Qubadlı rayonunun Əliquluuşağı kəndi ərazisində Bərgüşad çayları, o cümlədən 6,2 kilometr məsafədə Ağbənd qəsəbəsində Araz çayı üzərində quraşdırılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib ki, ötən il dekabrın 25-dən başlayaraq Oxçuçaydan analizlər götürülür, o cümlədən 158 su nümunəsi, 180-dən artıq dib çöküntüsü nümunələri göstərir ki, çayın ifrat dərəcədə çirklənməsi davam edir. Xüsusən yazda çayın suyunun çox olduğu dövrdə çirklənmə 3,5-4 dəfə olsa da, çayın suyunun azaldığı qış və yay fəslində maksimum çirklənmə müşahidə olunur. Oxçuçay normadan 5,5-7 dəfəyə qədər çirklənməyə məruz qalıb.

Onun verdiyi məlumata görə, qonşu ölkələrin ərazilərindən keçərək Azərbaycana daxil olan çaylarda transsərhəd çirklənmənin onlayn şəkildə müəyyən edilməsi məqsədilə keyfiyyət sensorları ilə təchiz olunmuş avtomat hidroloji stansiyaların quraşdırılması prosesi davam edir və bu ilin ikinci rübündə işlər tamamlanacaq: "Stansiyalarda suyun temperaturunun və su sərflərinin avtomat rejimdə ölçülməsi çirklənmənin mənşəyinin təyinində və çirklənmə yükünün hesablanmasında mühüm rol oynayacaq. Əvvəllər hidroloji və suyun keyfiyyətinə dair monitorinqlər müəyyən edilmiş vaxtlarda aparılırdı, bu isə yalnız ölçmə zamanı su obyektlərinin hidrokimyəvi vəziyyətini qiymətləndirməyə imkan verirdi. Lakin ölçmə müddətləri arasında hər hansı bir fövqəl və qısamüddətli çirklənmə baş verərkən onu qeyd etmək mümkün olmurdu. Quraşdırılacaq avtomat stansiyalar isə istənilən anda həm çayların hidroloji rejimini, həm də suyun keyfiyyətindəki dəyişiklikləri fasiləsiz olaraq izləmək və vaxtlı-vaxtında lazımi tədbirlər görmək imkanı verəcək. Müvafiq təşkilatlar üçün məlumat əldə edilməsində əlçatanlıq təmin ediləcək".

Oxçuçayın çirklənməsinin qarşısının alınması, çayın bərpası ilə əlaqədar elmi yanaşmalar əsasında reabilitasiya planının hazırlanması üçün tədqiqat qrupu yaradılıb. Aparılan ölçmə işləri və qiymətləndirmələr, aşkar edilmiş faktlar sənədləşdirilərək müvafiq instansiyalara təqdim olunur.

Yurda dönən quşlar

Çinarlar bu yerlərin əbədi keşikçiləridir. Yüz illər, min illər boyu çinar ağacları Zəngilanın gözəllik və yaraşıq simvoluna çevrilib. Əsgülüm və Süsən meşələrində erməni vandallarının ekoloji terroruna uğramayan ağacların çoxunun üstündə quşlar yuva qurmuşdu. Hətta elə ağac var ki, üstündə iki yuva qurulub...

Quşların intuisiyaları yüksək olur. Əgər onlar bu meşələrdə yuva qurursa, ağacların budaqlarını özlərinə sığınacaq edirsə, deməli, bu yerlərə dönməyə, orda yaşamağa və onu qorumağa dəyər...

Süleyman Qaradağlı

AZƏRTAC-ın müxbiri

Bakı-Zəngilan-Bakı

Oxşar xəbərlər