1950-ci ildə Qərbi Azərbaycanın Qarakilsə rayonunun Comartlı kəndində anadan olan və hazırda Gal kəndində məskunlaşan Gülarə Əliyeva bildirir ki, 1960-cı ildə ailəsi ilə birlikdə bu yaşayış məntəqəsinə köçüb. “Comartlı kəndinin kolxoz sədri erməni idi. O təşkilati işlərdə ermənilərə üstünlük verirdi. Ermənilər yerli azərbaycanlı əhalini sıxışdırırdılar. Bu səbəbdən 7, o cümlədən bizim ailə kənddən çıxdı. Ailəmiz Gal kəndində məskunlaşdı”, - deyən Gülarə nənənin sözlərinə görə, Qərbi Azərbaycandan didərgin salınmasından 65 ilk keçsə də, dədə-baba torpaqlarını, qədim yurd yerlərini unuda bilmir: “Xatırlayıram ki, uşaq olanda böyüklərə qoşularaq Comartlı kəndinin dağlarından cacıq, çiriş, maral, su, xanpəri baldırğan, turşməzə, dikcə, əvəlik və başqa şəfalı bitkilər yığardıq. Ağ və tünd gilanarın, almaçiçəyinin gözəlliyi indi də gözümün önündədir. Bu bitkilərdən həm də boyaq otları kimi istifadə olunardı. Xalça toxumaq üçün yun iplər müxtəlif rənglərdə boyanardı. Qız-gəlinlərin ilmə-ilmə toxuduqları xalçalar evlərimizin bəzəyinə çevrilərdi. Yurd yerimizdən didərgin düşəndə həmin xalçaları dəyərli miras olaraq özümüzlə gətirdik. Bu gün evlərimizdə olan həmin xalçalar Qərbi Azərbaycanın adət-ənənələrini özündə yaşadır”.
1948-ci ildə Qərbi Azərbaycanın Qafan rayonunun Pəyhan kəndində anadan olan və hazırda Şurud kəndində məskunlaşan Reyhan Qurbanova isə deyir ki, ailəsi 1988-ci ildə köç edib. “Buraya ilk köçdüyümüz vaxtlarda şərait çətin idi. Ancaq işlədik, çətinliklərə qalib gəldik. Həyat şəraitimiz normallaşdı. Bu gün yaşayış üçün lazım olan hər şeyimiz var. Çalışırıq ki, Qərbi Azərbaycana xas olan adət-ənənələrimiz unudulmasın, milli-mənəvi dəyərlərimizi burada da yüksək səviyyədə yaşadaq. Amma hamımızın arzusudur ki, qədim yurd yerlərimizə yenidən qayıdaq. Vətən müharibəsində qazandığımız Zəfərdən sonra içimizdə ümid işığı şölələnib. İnanırıq ki, dövlət başçısının rəhbərliyi ilə ata-baba torpaqlarımıza qayıdacağıq”.
Reyhan nənənin övladı Şəhla Orucova isə deyir ki, Qərbi azərbaycanlılar “Qazangöl”dən keçib Ləkətağ, Xanağa kəndlərinə və başqa yerlərə köç ediblər. Onlardan öldürülənlər də olub. “Bir tibb bacısı var idi. Ata-anası, qohum-əqrəbası ermənilər tərəfindən öldürülmüşdü. O, heyvanlarını götürüb, dağı aşıb, Naxçıvana gəlmək istəmişdi. Ancaq “Qazangöl” adlanan ərazidə ermənilər onu öldürmüşdülər. Ümumiyyətlə, o illərdə çox ağır müsibətlərə şahid olduq. Bizim orada ziyarətgahlarımız, doğmalarımızın məzarları var idi. İllər keçməsinə baxmayaraq, yuxuda tez-tez doğma evimizi, həyətimizi görürəm”, - deyən həmsöhbətimiz o günləri xatırlayır.
Şəhla xanımın həyat yoldaşı Rasim Orucov isə yurd həsrəti çəkməyin ağır olduğunu vurğulayır: “Qafan rayonunun Kurud kəndində yaşayırdıq. Kənd dağlıq ərazidə yerləşirdi. Əkinçiliklə, heyvandarlıqla məşğul olurduq. Yamyaşıl ərazilərdən kərənti ilə ot biçməyimiz, atla yem daşımağımız bu gün də yaddaşımdadır. Ümidvarıq ki, doğma torpaqlara yenidən qayıdacağıq. Çünki orada bizi gözləyən sönmüş ocaqlarımız var. O ocaqları yenidən yandıracağıq”.
Adları çəkilən həmsöhbətlərimiz kimi, Gal və Şurud kəndlərində məskunlaşan digər Qərbi azərbaycanlılar da tezliklə öz yurdlarına qayıtmaq həsrətilə yaşadıqlarını bildiriblər. Onlar inanırlar ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə tezliklə bu arzuları da çin olacaq və haqq-ədalət öz yerini tapacaq. (AZƏRTAC)