16 oktyabr - müharibənin 20-ci günü:
• Rəşadətli Azərbaycan Ordusu Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndlərini işğaldan azad edib. Bu barədə Prezident İlham Əliyev özünün rəsmi tviter səhifəsində məlumat verib.
• Prezident İlham Əliyev Türkiyənin “A Haber” televiziya kanalına müsahibə verib.
• Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyatlar nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 1 ədəd BM-21 “Qrad” YARS qurğusu, 5 ədəd D-30 haubitsa topu, 2 ədəd ZSU-23-4 “Şilka” özüyeriyən zenit qurğusu və döyüş sursatı ilə yüklənmiş 8 avtomobil texnikası məhv edilib. Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının müdafiə zolağında hərbi qulluqçular və ehtiyatdan çağırılmış hərbi vəzifəlilər arasında kütləvi fərarilik halı qeydə alınıb. Ermənistan ordusunun 5-ci dağatıcı alayının müdafiə zolağında mövqe tutan şəxsi heyət arasında xeyli sayda ölən və yaralanan olub. Geri çəkilən düşmən xeyli sayda avtomobil və zirehli texnikanı mövqedə ataraq qaçıb. Bundan başqa, 9-cu motoatıcı alayın müdafiə zolağında artilleriya batareyası məhv edilib.
• Müdafiə Nazirliyi işğaldan azad olunan Hadrut qəsəbəsinin və Xocavənd rayonunun kəndlərinin videogörüntülərini paylaşıb.
• Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində sentyabrın 27-dən oktyabrın 16-sı saat 11:00-dək 47 mülki şəxs həlak olub, 222 nəfər xəsarət alıb, 1669 ev, 84 çoxmənzilli yaşayış binası və 301 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.
• Azərbaycan media nümayəndələrinin bir qrupu azad edilmiş Cəbrayıl rayonunda işğalın izləri ilə tanış olublar.
• Müxbirlər Ağdam rayonunda erməni vandalizminə məruz qalmış kənd qəbiristanlıqlarında çəkilişlər aparıblar.(AZƏRTAC)