21.11.2024, 13:09
AZ EN
28.08.2024, 13:56 425

Laçında Şəhər Günü reportajı

YAZILAR
  • O gün Laçın şəhərini gur işığına qərq edən günəş hərbi orkestrin ifasında səslənən dövlət himninin sədaları ilə ucalırdı. Bayraq meydanında əzmlə dalğalanan üçrəngli bayraq Hoçaz qayası ilə qarşı-qarşıla dayanıb Laçının qartal vüqarını daha da artırırdı...

Laçın 26 avqust – Şəhər Gününü qeyd edirdi.

Kəşməkeşli tarix yaşayan Laçının 100 yaşı tamam olurdu.

Bəzən bu rəqəmdən narahatlıq keçirənlər olur: axı Laçının tarixi daha qədimdir! Əlbəttə, elədir. 100 il sadəcə olaraq Laçın ərazisində yaranan inzibati rayonun yaşıdır. Bundan yüz illər əvvəl Laçın da olub, laçınlılar da. Hər dağ, hər daş, hər qaya bir tarixdir burda. Deyirsən, ilahi, dili ola bu təbiətin, şahidi olduqlarını danışa...

Amma bizə ən ağır gələn 92-ci ilin işğal tarixidir. Çünki özümüz yaşamışıq, canımız-qanımızla hiss eləmişik. Sonra Laçının azadlığı uğrunda gedən döyüşlər, şəhərin qənşərinə qədər gəlib çıxmağımız və qəfil xəyanət... Laçındakı yerli polislər və hərbçilər az qala mühasirəyə düşəcəkdi... Sağ tərəf Ağdərə, Xankəndi, sol tərəf Ermənistan, qarşı tərəf işğal altında qalmış Laçın... Bircə arxaya – Kəlbəcərə çıxış var, oradan da qoşunu çəkirlər... Halbuki Kəlbəcərdəki hərbi hissə Laçındakıların köməyinə getməli, şəhəri götürməli, o zaman şeytan yuvasına çevrilmiş Xankəndini Ermənistanla birləşdirən yol kəsilməli idi...

Heyhat! Qaş düzəldərkən göz tökdük – Laçın alınacqdı, Kəlbəcər getdi... Kim nə deyir-desin, şəxsən mən hansısa azərbaycanlının vətəni, torpağı satmasına inanmıram, lakin bəzən elə hərəkətlər və ya hərəkətsizliklər baş verir ki, satqınlıq onun yanında toya getməlidir. Ordu yox idi. Könüllülər hesabına yaradılan batalyonların isə vahid komandanlıqda birləşə bilmirdi. Məğlubiyyət üçün bu faktlar yetirdi. Necə ki, qələbə üçün yetdi: ordumuz da vardı, vahid komandanlıq da.

Laçın şəhərinin yuxarısında, ən hündür meydanların birində dalğalanan bayraq həm də otuz il əvvəlin faciəvi tarixinə meydan oxuyurdu.

Azərbaycan Respublikası Prezidentinin Laçın nümayəndəsi Məsim Məmmədovun, rayon ağsaqqalı Qəzənfər Hüseynovun və şəhər 2 saylı orta məktəbin direktoru Sevinc Cabbarovanın çıxışından sonra bayram əhvalı ilə üçrəngli bayrağın başına toplaşan izdiham orkestrin sədaları ilə "Lacinema" kinoteatrına tərəf yürüşə başladı. Orada bizi “Laçınım mənim” adlı rəsm sərgisi və “Zamanın qanadlarında. Laçın” adlı fotosərgi gözləyirdi. Əsərlər Laçının həm 30 il əvvəlini, həm bu gününü əhatə edirdi. Həyətdə bizi dostum Yusif Mirzənin Laçın motivli əl işləri qarşıladı. Qəribə duyğular yaşadım. Vaxtı ilə Yusif müəllimin əl işlərindən “Səhra məsnəvisi” adlı ilk şeirlər kitabım üçün istifadə etmişdim. 20 illik dostum, yoldaşım idi bu rəsmlər. Mənimlə hər yanı dolaşıb axır Laçına gəlib çıxmışdı. Eyni zamanda, yeni, qələbə ruhu ilə çəkilən rəsmlərə qovuşmuşdu.

Fotoların birində sarı rəngli köhnə avtobus məni lap keçmişə aparır – Əsgəranın içi, Xankəndinin altı ilə Ağdamdan Laçına belə bir avtobus gəlirdi. Üstündəki əyri şüşələr daş izlərindən çatlaq-çatlaq olmuşdu. Ermənilər daşlayırdı o avtobusu. Hərəkətimizə mane olurdu. Az keçməmiş yol birdəfəlik bağlandı və Laçından Ağdama getmək üçün Zəngilandan, Füzulidən, Beyləqandan keçməli olduq...

Fotodakı avtobus da durur, onun sürücüsü də!

Başqa bir fotodakı qoltuğu kitab-dəftərli, ayağı iri rezin çəkməli uşaq indi adlı-sanlı hüquqşünasdır.

Laçının müasir fotoları rəngindən tanınır. Həm fotonun öz rəngindən, həm də Laçının abad evlərinin qırmızı çardağından...       

Kinoteatrda “Şuşa, sən azadsan!” sənədli filminin nümayişi başlamışdı. Ardınca uşaqlar üçün “Oğurlanmış bahar”, “Tıq-tıq və dostları möcüzələr axtarışında” və “Mənim balaca Şahzadəm” animasiya filmləri göstəriləcəkdi. Tədbirlər ard-arda idi. Hətta bəziləri eyni vaxta düşürdü. Çünki proqram zəngin idi. Şəhərdə adam və maşın əlindən tərpənmək olmurdu.

“Seyrəngah”da xalq tətbiqi sənəti üzrə master-klaslar təşkil olunmuşdu. Ustad dərslərində şəbəkə, həsirçilik, keramika, misgərlik və s. sahələr üzrə məlumat verilir, əyani nümunələr göstərilirdi. Eyni zamanda, burada “Qoçdaş” interaktiv sərgisi keçirilirdi. “Oyuq” uşaq teatrının milli nağıl qəhrəmanlarımız əsasında hazırladığı səhnəciklər və Şuşa Dövlət Musiqili Dram Teatrının təqdimatında “Qırmızıpapaq” tamaşası azyaşlıların böyük marağına səbəb oldu.

Həkəri bulvarında isə bizi böyük izdiham qarşıladı. Demək olar ki, bütün şəhər burada idi. Təbii, Bakıdan gələn qonaqlarla birlikdə. Üstəlik, Zabux və Sus kəndlərindən, hətta rayonun ucqar kəndlərində yaylayan insanlardan gələnlər vardı.       

Gün ərzində Həkərinin sahilində xalça kəsimi, Laçın mətbəxinin təqdimatından ibarət “Can Laçın” yarmarkası, uşaqlar üçün tədbirlər çərpələng uçurtma, maska, şar və torba oyunları, face art və s. kimi maraqlı təqdimatlar təşkil olunmuşdu.

“Dağların nəfəsi – poeziya saatı”nda  laçınlı şair və yazıçılar, aşıqlar, eyni zamanda şəhərdən qonaq gələn ədəbiyyat adamları iştirak edirdilər. Azərbaycan Yazıçılar Birliyinin katibi, tanınmış şair-yazıçı İlqar Fəhminin aparcılığı ilə baş tutan görüşdə şairlər İlham Qəhrəman, Arif Məmmədli, Səddam Laçın, qiraətçi Ağalar Bayramov, aşıqlardan Afil Bəxtiyar, Aşıq Sahil, Aşıq Şəhriyar və digərləri çıxış etdilər. Şair İlham Qəhrəman Laçın şair və yazıçılarının əsərlərindən ibarət “Laçın 100” antologiyasını oxuculara təqdim etdi. Eyni zamanda, “Qanun” Nəşrlər Evinin “Təkərli kitab”ı xüsusi endirimlərlə laçınlıların xidmətində dayandı.

Laçın Şəhəri Günü Həkəri bulvarında qurulmuş böyük səhnədə keçirilən qala konsert ilə yekunlaşdı. Əvvəlcə Prezident İlham Əliyevin Laçına səfəri və şəhər sakinləri ilə görüşünü əks etdirən kadrlar nümayiş olundu. Xalq artisti Faiq Ağayev, Əməkdar artistlər Ehtiram Hüseynov, Lalə Məmmədova, İlkin Əhmədov, Rəşad İlyasov, Elza Seyidcahan, Günel Şeyxova, ifaçılar Aşıq Ramin, Araz Hümbətli, Kamilə Nəbiyeva, Fuad Musayev, Könül Məmmədli, Vüsal Hacıyev, Murad Arif, həmçinin “Amarok" qrupu, Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və “Laçın” muğam qrupunun çıxışları alqışlarla qarşılandı

Sonra gənc tarzən İbrahim Babayevin solo çıxışı dinlənildi.

Laçın Şəhəri Günü tədbirlərinə atəşfəşanlıqla yekun vuruldu. Göydə pərvaz edən rənbərəng işıqlara baxdıqca otuz iki il əvvəl indi dayandığım yerlə – Həkəri çayının sahili ilə Arana yollanan 15 yaşlı gənci xatırladım. O həyəcanı, o qorxunu, o faciəni, o dağıntıları indiki azad-abad şəhərin atəşfəşanlıq altındakı əzəmətli görüntüsü ilə müqayisə edəndə içimdən bu sözlər qanadlandı: “Allahın bu gününə şükür!”  

Şərif AĞAYAR

Oxşar xəbərlər