“Doğma kəndim Şurtan! Bu evdə doğulub 8 yaşımda itirdiyim uşaqlıq illərimi 27 ildən sonra xatırlamaq nə qədər ağır olsa da, bir o qədər də sevinclidi. Sanki təzədən uşaqlaşırsan…” İkinci (2007-ci il) Muğam Televiziya Müsabiqəsinin diplomantı xanəndə Malik Həsənov bu yaxınlarda Kəlbəcərdə çəkib sosial şəbəkə hesabında paylaşdığı videonu bu sözlərlə təqdim etmişdi. Ermənilərin vəhşilcəsinə talan edib dağıtdığı doğma kənddə, yalnız çay daşlarından hörülmüş divarları qalan evin pəncərə yerində əyləşib şirin səsilə oxuduğu mahnı və muğam parçası ilə həsrətini ovudan xanəndənin bu paylaşımı çox böyük əks-səda doğurdu və bəyənildi… Biz də onunla söhbətləşib həm köçkünlük həyatı, həm Kəlbəcər səfərinin təəssüratları, həm də qayıdışa hazırlıq və digər məsələlər barədə fikirlərini öyrəndik.
Malik Köçəri oğlu Həsənov 28 avqust 1985-ci ildə Kəlbəcər rayonunun Şurtan kəndində anadan olub. Doğma kənddə birinci sinifə getsə də, 1993-cü ildən ailəsi ilə məcburi köçkün kimi Bərdə rayonunun Samux kəndində məskunlaşıb. Doqquzuncu sinifə qədər Kəlbəcər rayon 128 saylı orta məktəbdə, 2002-2006-cı illərdə Milli Konservatoriyanın tərkibindəki musiqi kollecinin “Solo oxuma” şöbəsində təhsil alıb. Xalq artistləri Səkinə İsmayılova və Mənsum İbrahimovun tələbəsi olub. İkinci Muğam Televiziya Müsabiqəsinin diplomantıdır. Hazırda AZTV-nin solistidir.
Malik deyir: “Çox təəssüf ki, qismətimizə ağır köçkünlük həyatı düşdü və mənə də uşaq həyatı yaşamağı çox gördü. Keşməkeşli günlər yaşadım, ancaq sınmadım. Valideyinlərimin çəkdiyi əziyyətləri görüb, onların etimadını daim doğrultmağa, uca tutmağa çalışdım. 2007-ci ildə iştirakçısı olduğum Muğam Televiziya Müsabiqəsi xanəndə kimi inkişaf etməyimə, yetişməyimə imkan yaratdı. Bu, həyatımın ən gözəl sürprizi oldu, mənə xalqımızın qarşısında məsuliyyətimi, səsimə, sənətimə pərəstiş edən insanların etimadını doğrultmaq fürsəti verdi”.
Kəlbəcər həsrətini necə yaşadığı, o yerlərdən yaddaşında nələrin qaldığı barədə sualı Malik belə cavablandırır: Deyirlər axı, uşaq yaddaşı ağ kağıza bənzəyir, nəyi görsə, duysa - əbədi yaddaşına həkk olur. Mənim də uşaq yaddaşıma yazılan xatirələrim, ilk təhsil aldığım məktəb, kəndimizdə gəzdiyim, getdiyim yerlər, cığırlar heç zaman unudulmayıb. Kəlbəcərin təbiəti nə qədər sərt olsa belə, bir o qədər də gözəldir. Yazı bir başqa, qışı bir başqa… Evimiz elə bir məkanda yerləşirdi ki, sol tərəfindən Tərtər çayı, sağ tərəfindən digər bir çay axırdı. Siz təsəvvür edin, o gözəllik, yaz gələndə çiçəkləyən ağacların ətri, quşların cəh-cəhi, elin yaylağa köç etməsi, çadır dəyədə qalması insana necə xoş təsir bağışlayır. Gölyurd, Tikanlı yal, Dəlidağ bizim kəndimizin yaylaq yerləri idi. Yayın qızmar vaxtında Dəlidağda qar yediyim hələ də yadımdadır. Onları düşündükcə, Kəlbəcərin həsrətini çəkməmək əldə deyildi…”
Gənc xanəndə 44 günlük Vətən müharibəsi zamanı Kəlbəcər istiqamətində döyüşən əsgərlərimizin yanında olub, onlara mənəvi dəstək verib. Onun Ömər aşırımında qarlı havada musiqiçi dostları ilə muğam və mahnılar ifa etdiyini göstərən videolar internetdə yayılıb. Malik o günləri xatırlayaraq deyir: “Qürurla, fərəhlə xatırlayıram o günləri. Düşməndən qisasımızı layiqincə ala bildik. ilk günlərdən səfərbərlik üçün müraciət etdim, amma gözləməyə səbrim çatmadı. Düşündüm ki, gedim mənəvi dəstək olum əsgərlərimizə. Əlimdə qavalım, sənət yoldaşlarım tar və kaman ifaçıları ilə Ağdamda, Füzulidə, Murovdağ silsiləsində əsgərlər qarşısında çıxışlar etdik. Əsgərlərlə bir yerdə olmaq adama başqa bir qürur, həvəs verir. Elə yerlər olurdu ki, tar, kaman ifası olmadan solo oxuyurdum. “Qarabağ şikəstəsi”ni bu vaxta qədər hər oxuyanda bir nisgilin, ağrının üstündən gəlirdi o avaz. Bu gün əsgərlərin qarşısında mən şikəstəni oxuyanda içimdən qürur hissi qırtlağıma çıxırdı və o musiqi ilə, şikəstə ilə yoğrulub, Qarabağ səmalarına qalxırdı. Bu bir başqa ifa idi, elə bil, əsgərlər də hiss edirdilər, xüsusi şövqlə qarşılayırdılar ifamı...”
Malik işğaldan azad edilmiş Kəlbəcərə səfər təəssüratlarını da bizimlə bölüşür: “Kəlbəcərə ilk gedişim düşmənin oranı tərk etməsindən bir neçə gün sonra oldu və kəndimizə çatanda artıq axşam düşmüşdü. Yanmış, uçmuş evlərin sükutunu Tərtərin gur axan, dərələrə yayılan şaqqıltısı pozurdu. Doğma sakinini o səs qarşıladı. Hər yanı qara, ağ örpəyə bürümüşdü. Bilmirdim nə edim, elə bil yuxu görürdüm. Amma özümdən ixtiyarsız necə hönkürə-hönkürə ağladımsa, yanımda olan komandir və əsgər qardaşlarım mənə təsəlli verərək dedilər ki, “ağlama qardaş, həsrətin bitdi, artıq sevinc göz yaşlarındır axan...” Sanki yenidən dünyaya gəldim o gün...”
Tanınmış gənc xanəndənin doğma yurda qayıdışa münasibətini də soruşuruq. O deyir: “Ana qol aça, balasını çağıra, necə getməmək olar, ana qoynuna?! Həm də 28 il sonra o həsrətlə, ağrıyla, vüsala qovuşa insan… Təbii ki, gedəcəyik. Səbirsizliklə o günü gözləyir hər kəs, bir nəfər kimi... Qaydış prosesində mənə elə gəlir insanların rahat, təhlükəsiz yaşaması üçün şərait tam yaradılmalı, müəyyən iş yerləri olmalı, kənd təsərrüfatı genişlənməlidir. Çox güman ki, mən sənət adamı olduğum üçün Kəlbəcərə qayıtdıqdan sonra öz işimlə, sənətimlə, məşğul ola bilərəm. Arzu edirəm ki, Azərbaycanımız bir daha sarsılmasın, daha da möhkəmlənsin. Əsrlər durduqca var olsun, yaşasın!”
Xanəndə Malik Həsənovun arzularına biz də qoşuluruq.
Nazilə XAQANİ