İnstitutdan bildirilib ki, yeni nəşrin elmi redaktoru akademik Teymur Kərimli, redaktoru dosent Lamiyə Rəhimova, rəyçiləri dosentlər Aynur Hacıqədirli və Aybəniz Rəhimovadır.
Kitab XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi - pedaqoq, şair, tarixçi Mirzə Xosrov Şaiq Axundzadənin “XIX əsrdə Şuşada yaşayıb-yaratmış şair və yazıçıların yaşadıqları tarixi yerlər” əsəri əsasında nəşrə hazırlanıb. Əlyazmalar İnstitutunda saxlanılan bu əsər transfoneliterasiya edilib. Əsər tarix, ədəbiyyat, dil, incəsənət və memarlıq baxımından nümunələr əsasında dəyərləndirilib.
Qeyd edək ki, kitabın nəşri zamanı istifadə olunan fotoşəkillər Bakı İncəsənət Mərkəzinin direktoru Rafael Gülməmmədlinin, Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam Rövşən Bayramovun və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin diqqət və dəstəyi ilə əldə edilib.(AZƏRTAC)