16.10.2025, 21:08
AZ EN
16.10.2025, 18:17 3

Türkiyədə "Qərbi Azərbaycan hekayələri" kitabının təqdimatı keçirilib

XƏBƏRLƏR
  • Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə icra etdiyi “Türk dünyasında Qərbi Azərbaycan mövzusu” adlı layihə çərçivəsində hazırlanan "Qərbi Azərbaycan hekayələri" adlı kitabın Türkiyədə Qazi Universitetində Azərbaycanın Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan Dili Tədrisi Ocağında” təqdimatı keçirilib. Təqdimatla bağlı DGTYB başqanı İntiqam Yaşar “Ədəbiyyat və incəsənət” portalına məlumat verib.  

Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzi, Türk dünyası Araşdırma Mərkəzi, Qazi Universitetinin təmsilçiləri, hər iki ölkədən alimlər, şairlər, yazıçılar və tələbələr iştirak ediblər.

Təqdimat mərasimində Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Yıldırım Beyazıt Universitetinin professoru, Qərbi Azərbaycan İcmasının Ankara təmsilçisi Seyid Aydın, Qazi Universitetinin Türk Dünyası Araşdırma və Uyğulama Mərkəzinin icracı direktoru, professor Alev Kuru Çakmakoğlu, Kahramanmaraş Sütçü İmam Universitetinin dosenti Mərziyyə Məmmədli və layihə rəhbəri İntiqam Yaşar çıxış edib.

Azərbaycan Dili Təhsil Ocağının rəhbəri Dr. Şəhla İbişovanın moderatorluğu ilə keçirilən tədbirdəki çıxışlarda Qərbi Azərbaycanın tarixi, ədəbi və mənəvi irsi, eləcə də Azərbaycan mədəniyyətinin Türkiyədə təbliği istiqamətində həyata keçirilən ortaq layihələrin əhəmiyyəti vurğulanıb.

Qeyd olunub ki, “Qərbi Azərbaycan hekayələri” adlı kitabın nəşri Azərbaycan yaddaşının, ədəbiyyatının və mənəvi irsinin yaşadılması yolunda atılmış əlamətdar addımdır.

Kitab şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Dünya Gənc Türk Yazarlar Birliyinin İdarə Heyətinin sədri İntiqam Yaşarın layihə rəhbərliyi ilə hazırlanıb.

Beş fərqli hekayə müəllifi olan yazarların hər biri Qərbi Azərbaycan torpağının yetirməsidir. Həmin hekayələr Mahirə Nağıqızı, Azər Abdulla, Məmməd Oruc, Güldərən Vəliyeva və Şəfa Vəli tərəfindən qələmə alınıb.

Əsərlərdə Qərbi Azərbaycanın tarixi yaddaşı, deportasiya mövzusu və milli kimliyin qorunması kimi mövzular öz əksini tapıb.

 Mina RƏŞİD

Oxşar xəbərlər