27.07.2024, 14:47
AZ EN
15.03.2022, 11:00 156

Füzuli rayon Böyük Bəhmənli kənd məktəbində sinif otaqlarına şəhidlərin adları verilib

YAZILAR

Füzulidə 1-ci və 2-ci Qarabağ müharibəsi şəhidlərinin adlarına sinif otaqları açılıb. Altı sinif otağı 1-ci Qarabağ, bir sinif otağı isə 2-ci Qarabağ müharibəsi şəhidinin adını daşıyacaq.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Füzuli rayonunun Böyük Bəhmənli kənd Ehtiram Piriyev adına 1 nömrəli tam orta məktəbdə şəhidlərin xatirəsinə həsr edilən tədbir keçirilib. I və II Qarabağ müharibəsində canlarını Vətən uğrunda fəda edən qəhrəmanlardan olan yeddi şəhidin xatirəsinin əbədiləşdirilməsi üçün sinif otaqlarına onların adları verilib.

Tədbirdə şəhid ailələri, məktəb kollektivi və kənd sakinləri iştirak edib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olunub.

Məktəbin direktoru səlahiyyətlərini icra edən Elnarə Hüseynova çıxış edərək şəhidlərimizin keçdikləri qəhrəmanlıq yollarından danışıb. Bildirib ki, hər iki müharibə zamanı Vətəni üçün canını fəda edən qəhrəmanlar vətənpərvərlik örnəyi olaraq yaddaşlara əbədi həkk olunub. Diqqətə çatdırılıb ki, Vətən müharibəsi zamanı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu düşmən üzərində parlaq qələbə qazanaraq torpaqlarımızı işğaldan azad etməklə bərabər, həm də şəhidlərimizin qisasını aldı.

Sonra çıxış edən şəhid valideynləri övladları ilə qürur duyduqlarını söyləyib və onların döyüş yolundan danışıblar.

Şagirdlərin ifasında “Ana kompozisiyası” nümayiş olunub. Məktəb Uşaq Birliyinin rəhbəri və Uşaq Gənclər İnkişaf Mərkəzinin birgə hazırladığı kompozisiya təqdim edilib.

Sonda 1-ci Qarabağ müharibəsinin şəhidləri Seymur Qasımov, Pənah Məmmədov, Mobil İmanov, Elimdar Abışov, Kamil Məmmədov, Elçin Məmmədov və 2-ci Qarabağ müharibəsi şəhidi Sənan Əsgərovun adını daşıyacaq sinif otaqlarının açılışı olub.

Oxşar xəbərlər