Saatmirzə Əzimov 2015-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət edib. 2016-cı ilin aprelin 2-dən 5-nə qədər davam edən Aprel döyüşlərində vuruşaraq şücaətlər göstərib. 2020-ci ilin iyul-sentyabr aylarında səfərbər olunan Saatmirzə Əzimov sentyabr ayında yenidən hərbi xidmətə çağırılıb.
Azərbaycan Ordusunun əsgəri olan Saatmirzə Əzimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak edib. Füzulinin, Cəbrayılın və Xocavəndin azad edilməsi uğrunda gedən döyüşlərdə mərdliklə vuruşub.
17 oktyabr 2020-ci ildə Xocavənd rayonunun Tuğ kəndində döyüş tapşırığının yerinə yetirilməsi zamanı beyni zədələnərək ağır yaralanıb və xəstəxanaya yerləşdirilib.
Saatmirzə Əzimov 17 dekabr 2020-ci ildə müalicə aldığı xəstəxanada şəhadətə ucalıb. Şəhidimiz Siyəzən şəhər qəbiristanlığında böyük izdiham və ehtiramla torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən Saatmirzə Əzimov ölümündən sonra "Vətən uğrunda", “Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və “Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Saatmirzə Əzimov döyüş təcrübəsinə malik könüllü düşmən üzərinə yeriyən həmlə qruplarında yer almışdı. Onun yer aldığı hərbi birləşmələrimiz artıq Şuşa istiqamətində irəliləməyə başlayanda qələbə üçün alışıb-yanan Saatmirzə Xocavəndin Tuğ kəndində gedən savaşda ağır yaralanır. Dörd gün yaralı vəziyyətdə güllə yağışının altında qaldıqdan sonra döyüş yoldaşları tərəfindən xilas edilsə də, komaya düşür. 50 gündən sonra isə şəhidlik zirvəsinə ucalır. Ailənin tək oğul övladı olan qəhrəman döyüşçü subay idi.
Şəhidin anası Xatirə Əzimova deyir ki, oğlu ilə danışanda heç vaxt harada olduğunu deməzdi. Onunla sonuncu dəfə oktyabrın 24-də danışmışıq. Dedi, ana, zəng vurub danışmağa vaxtımız olmur. Soruşdum ki, haradasan? Cavab verdi ki, yerimi deyə bilmərəm. Bir neçə gündən sonra xəbər gəldi ki, ağır yaralıdır. Bakıya xəstəxanaya gətirdilər. Bir həftədən sonra isə Mərkəzi Gömrük Hospitalında əməliyyat olundu. Altı saatlıq əməliyyat zamanı bədənindən 3 qəlpə çıxardılar. Bir qəlpə isə baş-beyin nahiyəsində olduğu üçün çıxarmaq mümkün olmadı...
Həkimlərin səylərinə baxmayaraq, Saatmirzə Əzimov komadan ayılmadı və dekabrın 17-də şəhidlik zirvəsinə ucaldı.
Atası Firuz Əzimov deyir ki, oğlu vətənpərvər ruhda böyümüşdü. Tez-tez mənə sual verirdi ki, ata, torpaqlarımız nə vaxta kimi düşmən tapdağında qalacaq? Cəbhəyə könüllü yazılanda da xəbərimiz olmayıb. Deyirdi, mən Qarabağda mütləq döyüşəcəyəm. O, Aprel döyüşlərində də iştirak etmişdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!
Mina RƏŞİD