Qarşılıqlı müzakirələr şəraitində keçmiş görüşdə MŞ sədri Rəşad Məcid iştirakçıları Vətən müharibəsindəki qələbənin ikinci ildönümü münasibətilə təbrik edib. O, rəhbəri olduğu qurumun missiyası barədə məlumat verib, gördüyü işlərdən söz açıb. R.Məcid bildirib ki, 2022-ci ilin 24 sentyabr tarixində keçirilmiş Azərbaycan jurnalistlərinin VIII qurultayında Qarabağ müharibəsi iştirakçısı olmuş Bəhruz Məmmədzadə də Şuranın İdarə Heyətinə seçildi. MŞ sədri jurnalistlərin bu seçiminin qazilərlə bağlı məsələlərin media müstəvisində daha səmərəli işıqlandırılması, onların örnək döyüş yolunun cəmiyyətə daha yaxından çatdırılması baxımından faydalı nəticələr verəcəyinə inandığını dilə gətirib.
MŞ İdarə Heyətinin üzvü B.Məmmədzadə, həmçinin NTK-nın sədri R. Kərimoğlu çıxışlarında Vətən uğrunda canından keçmiş övladlarımızın, sağlamlığını itirmiş qazilərimizin, ümumən ömür yolu cəbhədən, səngərdən keçmiş hər bir şəxsin əməyinin ən xoş və qürur dolu sözlərə layiq olduğunu vurğulayıblar.
Görüşdə iştirak etmiş Xüsusi Təyinatlı Qüvvələrin qazilərinə Azərbaycan Mətbuat Şurasının təşəkkürnamələri təqdim edilib. Çıxış edən XTQ qaziləri onlara verilən dəyərə görə təşəkkürlərini bildirib, hər an Vətənin çağırışına hazır olduqlarını vurğulayıblar.