20.10.2024, 05:24
AZ EN
03.04.2023, 13:16 264

Aprelin 3-ü akademik Heydər Hüseynovun doğum günüdür

XƏBƏRLƏR
  • Görkəmli Azərbaycan alimi, filosof, elm təşkilatçısı, ictimai xadim, akademik Heydər Hüseynov elm və təhsilimizə böyük töhfələr verib. İctimai və humanitar elmlərin, xüsusilə fəlsəfənin inkişafında alimin xidmətləri əvəzsizdir.

Heydər Nəcəf oğlu Hüseynov 1908-ci il aprelin 3-də İrəvan şəhərində anadan olub. 1918-ci ildə ermənilərin İrəvanda törətdikləri qırğınlar zamanı onun ailəsi əvvəlcə Batum şəhərinə köçüb, 1920-ci ildə Bakıya gəlib. 1927-1931-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunda (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) təhsil alıb. 1939-cu ildə Tbilisi şəhərində “Mirzə Fətəli Axundovun fəlsəfi görüşləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 1944-cü ildə isə professor elmi adını alıb.

Uzun müddət ali məktəblərdə və elmi müəssisələrdə məsul vəzifələrdə çalışıb, akademiyanın vitse-prezidenti olub. Alim, eyni zamanda, Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fəlsəfə kafedrasının müdiri vəzifəsində fəaliyyət göstərib.

H.Hüseynovun elmi yaradıcılığı olduqca zəngindir. Bəhmənyar, Nizami Gəncəvi, Füzuli, Abbasqulu ağa Bakıxanov, Mirzə Kazım bəy, Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi haqqında geniş araşdırmalar aparıb. O, həmçinin 4 cildlik “Rusca-Azərbaycanca lüğət”in müəlliflərindən biridir. Bu lüğətin müəllifləri 1948-ci ildə Dövlət mükafatına layiq görülüb.

Alimin “XIX əsr Azərbaycanda ictimai və fəlsəfi fikir tarixindən” adlı monoqrafiyasında ölkəmizdə ictimai-siyasi və fəlsəfi fikrin inkişaf mərhələləri təhlil edilib.

Ulu Öndər Heydər Əliyevin “Akademik Heydər Hüseynovun anadan olmasının 90 illik yubileyinin keçirilməsi haqqında” 1998-ci il 31 mart tarixli Sərəncamında da qeyd olunduğu kimi, “XIX əsr Azərbaycanda ictimai və fəlsəfi fikir tarixindən” kitabına görə Heydər Hüseynova “pantürkist”, “panislamist” damğaları vurulub. O, tutduğu bütün vəzifələrdən azad edilib, hətta Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvlüyündən çıxarılıb. Bütün bunlar onun 1950-ci il avqustun 15-də faciəli ölümünə səbəb olub.

Qeyd edək ki, 1949-cu ildə rus dilində nəşr edilmiş “XIX əsr Azərbaycanda ictimai və fəlsəfi fikir tarixindən” kitabı alimin 100 illik yubileyi ərəfəsində, 2007-ci ildə Azərbaycan dilinə tərcümə edilib.

Üç yüzədək əsərin, o cümlədən monoqrafiya, kitab və çoxsaylı məqalələrin müəllifi olan H.Hüseynovun elmi irsi bu gün də aktuallığını itirməyib. (AZƏRTAC)

Oxşar xəbərlər