29.04.2026, 17:32
AZ EN
29.04.2026, 16:15 109

Şuşadakı karvansara əvvəlki görkəminə qayıdır

QARABAĞ
  • Qarabağ və Şərqi Zəngəzur bir-birindən fərqli memarlıq üslubuna malik tarixi-mədəni abidələrlə zəngindir. Şuşadakı “Ağa Qəhrəman Mirsiyab oğlunun karvansarası”  və ya  “Məscidli karvansara” adı ilə tanınan abidə kimi.

“Vətən səsi” xəbər verir ki, karvansara  Mədəniyyət və Turizm Nazirliyi  tərəfindən respublika əhəmiyyətli tarixi abidə kimi qeydiyyata alınıb. Həmin tarixi tikili XIX əsrin 80-ci illərində məşhur şuşalı tacir Ağa Qəhrəman Mirsiyab oğlunun vəsaiti hesabına inşa edilib. Karvansaranın əsas fasadı Şuşanın mərkəzi ticarət küçəsi olan “Rasta bazar” küçəsinə açılır. 

Bu qədim abidə özünəməxsus memarlıq xüsusiyyətləri və planlaşdırması ilə fərqlənən iki mərtəbəli böyük binadır. Karvansaranın birinci mərtəbəsində ticarət kontorları və 30-a yaxın mağaza, ikinci mərtəbəsində isə tacirlər üçün nəzərdə tutulmuş 25 otaq və məscid yerləşib. Məscidin üç nefli ibadət zalı bir çox Şuşa məscidlərinə xas olan səkkizguşəli sütunlar üzərində dayanan tağ-tavanla örtülüb.  Məscidin divarları zövqlə işlənmiş nəfis qabartmalarla bəzədilib. Mehrabın yeddiguşəli oxvari nişi də incə qabartmalarla bəzədilib.

Qarabağın işğalı dövründə Şuşadakı həmin karvansara da erməni vandalizminə məruz qalıb. İşğaldan azad olunmuş ərazilərdəki digər tarixi memarlıq abidələri kimi haqqında danışılan karvansara da restavrasiya olunaraq əvvəlki görkəminə qaytarılıb.

Röya SALMANQIZI

Oxşar xəbərlər