29.05.2025, 10:06
AZ EN
04.05.2023, 12:05 398

Bu gün Əlimərdan bəy Topçubaşovun doğum günüdür

XƏBƏRLƏR

Bu gün Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri və Parlamentinin sədri (1918, 7 dekabr -1920, 28 aprel), Rusiyanın müsəlman-türk xalqlarının milli azadlıq hərəkatının liderlərindən biri Əlimərdan bəy Ələkbər bəy oğlu Topçubaşov 1863-cü il, may ayının 4-də Tiflisdə anadan olub. Birinci Tiflis gimnaziyasını (1884-cü il) və Peterburq Universitetinin hüquq fakültəsini (1888) fərqlənmə diplomu ilə bitirib. Təhsilini başa vurduqdan sonra bir neçə il Rusiyada işləyib, 1894-cü ildə Bakıya gələrək, hüquq-mühafızə orqanlarında çalışıb, sonralar müstəqil vəkil kimi fəaliyyət göstərib. Hüquq elmlərinə dərindən bələd olan, Azərbaycan və rus dillərindən əlavə fars, fransız, ingilis və gürcü dillərini də mükəmməl bilən Topçubaşov tezliklə Hacı Zeynalabdin Tağıyevin diqqətini cəlb etmiş və 1897 ildə "Kaspi" qəzetinin redaktorluğu ona tapşırılmışdı. Bakının ictimai-siyasi həyatında fəal iştirak edən Topçubaşov Bakı Şəhər Dumasının üzvü seçilmiş, bir müddət onun sədri olmuşdur. Birinci rus inqilabı (1905-07-ci illər) Rusiyada yaşayan türk-müsəlman xalqlarının milli şüurunun oyanmasında mühüm rol oynadı. Bu dövrdə müsəlman xalqlarının azadlıq mübarizəsinin təşkilində Ə.Topçubaşovun əvəzsiz xidmətləri olmuşdur.

Bakı quberniyasından I Dövlət Dumasına deputat seçilən (1906) Ə.Topçubaşovun təşəbbüsü ilə Dumada müsəlman fraksiyası yaradılmışdı. Topçubaşov həm fraksiyanın sədri, həm də 7 nəfərlik büro üzvündən biri idi.

Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra, Topçubaşov yeni yaranmış müstəqil milli dövlətin dünyada tanıdılmasında əvəzsiz xidmətlər göstərmişdir. Fətəli xan Xoyskinin 1918-ci il iyunun 17-də Gəncədə təşkil etdiyi 2-ci hökumət kabinəsi tərkibində əvvəlcə portfelsiz nazir, avqustun 20-dən xarici işlər naziri olmuş, avqustun 23-də isə Azərbaycan Xalq Cümhuriyyətinin fövqəladə elçisi və səlahiyyətli naziri kimi İstanbula göndərilmişdi. İstanbulda qızğın diplomatik fəaliyyət göstərən Topçubaşov 1918-ci il oktyabrın 2-dən 1919-cu il yanvarın 16-dək burada 36 rəsmi görüş keçirmiş, danışıqlar aparmış, 1919-cu il yanvarın 10-da Sultan Mehmetlə görüşmüşdür.

Topçubaşovun İstanbulda fəaliyyət göstərdiyi dövr Osmanlı dövlətinin hərbi və sosial-iqtisadi vəziyyətinin ən böhranlı zamanlarına təsadüf edir. Birinci dünya müharibəsində (1914-1918-ci illər) Almaniya-Osmanlı ittifaqı məğlub olduqdan sonra Türkiyə Mudros barışığı (1918-ci il) ilə razılaşmaq məcburiyyətində qaldı. Ə.Topçubaşov noyabrın 3-də İstanbulda Mudros barışığını imzalamış dənizçilik naziri, Batum və Trabzon konfranslarında Türkiyə nümayəndə heyətinin rəhbəri Rauf bəylə, noyabrın 4-də xarici işlər nazirinin müavini Rəşid Hikmət bəylə, noyabrın 5-də isə xarici işlər naziri Naib bəylə görüşərək, onun Azərbaycana aid 11 və 15-ci maddələri ilə əlaqədar öz etirazını bildirmişdi. Onlar cavablarında məğlub tərəf kimi, Türkiyənin bu barışığı imzalamaq məcburiyyəti qarşısında qaldığını, Azərbaycanın isə müstəqil dövlət kimi öz hüquqlarını qorumağa haqqı olduğunu bildirmişdilər.

1918-ci il dekabrın 7-də öz işinə başlayan Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti elə ilk iclasında Məhəmməd Əmin Rəsulzadənin təklifi ilə bu zaman İstanbulda olan Topçubaşovu, qiyabi olaraq, Parlamentin sədri seçmişdir. Dekabrın 28-də Azərbaycan Hökumətinin və Parlamentin ağsaqqallar şurasının birgə iclasında Ə.Topçubaşov Paris Sülh Konfransına (1919-20) göndərilən Azərbaycan Xalq Cümhuriyyəti nümayəndə heyətinin sədri təyin olundu və İstanbuldan birbaşa Parisə yola düşdü.

1919-cu il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının birinci ildönümü günü ABŞ prezidenti V.Vilson, başda Topçubaşov olmaqla, Azərbaycan nümayəndə heyətini qəbul etmişdi.

Paris Sülh Konfransında iştirak edən Azərbaycan nümayəndə heyətinin, xüsusilə onun başçısı Ə.Topçubaşovun gərgin fəaliyyəti tezliklə öz nəticələrini verdi. Nümayəndə heyəti müxtəlif partiya və fraksiyalarm üzvlərindən ibarət olmasına baxmayaraq, Sülh Konfransında vahid mövqedən - gənc Azərbaycan Cümhuriyyətinin mənafeyi mövqeyindən çıxış edirdi. Ə.Topçubaşov bu barədə Bakıya - Cümhuriyyət hökumətinin sədrinə ünvanladığı 1919-cu il 6-10 noyabr tarixli məktubunda yazırdı: "Nümayəndə heyəti ayrı-ayrı partiyalara mənsub şəxslərdən təskil olunsa da, özünün indiyə qədərki fəaliyyətində bütünlüklə partiya maraqlarına deyil, Azərbaycanın mənafelərini əsas tutan ümumi mülahizələrə əsaslandığını bildirməyi özümə borc sayıram. Məncə, bu, nümayəndə heyətimiz üçün müsbət haldır və onun üzvlərinə şərəf gətirir"'. Parisdə olmağına baxmayaraq, o, 1919-cu ilin dekabrında yenidən Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri seçilmişdi.

Azəbaycan Xalq Cümhuriyyəti süqut edəndə Əlimərdan bəy Parisdə idi və ömrünün sonunadək də orada yaşadı. Harada olsa ürəyi Vətən üçün döyünən Əlimərdan bəy Topçubaşov 1934-cü il noyabrın 5-də Parisdə dünyasını dəyişib, Parisin Sen-Klu (Saint Cloud) qəbiristanlığında dəfn edilib.

Onun işıqlı xatirəsi həmişə ürəklərdə yaşayacaq!         

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR