08.09.2024, 07:26
AZ EN
11.05.2024, 16:00 221

Kəhrizlər diyarı Cəbrayıl: Horovlu kəndindən

YAZILAR
  • İşğaldan azad edilən Cəbrayıl rayonunun Horovlu kəndinə bu ilin sonlarında sakinlərin ilk köçü nəzərdə tutulur. Hazırda kənd sakinlərinin yurda dönüşü üçün tikinti və bərpa işləri görülür.

Erməni separatçılar Cəbrayılın Horovlu kəndini 1993-cü ildə işğal edib. Bura əhali sayına görə rayonun 3-cü böyük kəndidir. Kənd Vətən müharibəsi zamanı - 2020-ci ilin 4 oktyabr tarixində erməni işğalından azad edilib.

İşğal dövründə dağıdılmış, talan edilmiş Horovlu bu gün yenidən qurulur. Oradakı yenidənqurma və böyük qayıdışa hazırlıq prosesini yaxından izləmək üçün Cəbrayıl rayonuna getmək qərarına gəldik. Yola düşməzdən əvvəl Bakıda yaşayan Horovlu sakinləri ilə söhbətləşdik. Onlardan kənd barədə məlumatlar almağa çalışdıq. İşğaldan öncə uzun illər Horovluda kimya-biologiya müəllimi işləyən Faiq Quliyev dedi ki, kəndin adı Cənubi Azərbayanda olan horovlu tayfasının adı ilə bağlıdır, bu, həm də yer adıdır.

“1993-cü ildə Cəbrayıl işğal ediləndə biz də kənddən çıxmalı olduq. İşğaldan öncə kənddə klub, kitabxana, məscid fəaliyyət göstərirdi. Orada insanların yaşaması üçün hər bir şərait var idi. İkinci Dünya Müharibəsində həlak olan şəxslərin dəfn edildiyi yerdə abidə də var idi. Bildiyimə görə, 1993-cü ilə qədər kənddə 350 horovlu ailəsi yaşayırdı", - sakin bildirdi.

Cəbrayıl, həmçinin kəhrizlərin bol olduğu diyar kimi də tanınır. Müxtəlif mənbələrin məlumatına görə, işğaldan öncə Cəbrayılda 100-dən çox kəhriz olub. Əhali suya olan tələbatını məhz kəhrizlər vasitəsilə ödəyib. Lakin işğal dövründə mədəni irsimiz sayılan kəhrizlər də ermənilər tərəfindən dağıdılıb.

Sakinlərin dediyinə görə, işğaldan əvvəl məhz Horovluda təxminən 12 kəhriz olub. "Orta", "Əsgər", "Şıx" və "Xəlifə" adlı kəhrizlər isə çox işlək olub. Kənddə "Əsgər" adlı kəhriz əvvəllər “Stalin” adlanıb. Deyilənə görə, Xəlifə dərəsi adlı ərazidə yerləşən “Xəlifə” kəhrizini ərəb istilası dövründə xəlifələrdən biri yaradıb.

Kəndin tarixi və orada mövcud olan abidələr, binalar, yaşayış yerləri barədə məlumat topladıqdan sonra yola düzəldik. Yolboyu təsəvvürümüzdə sakinlərin təsvir etdikləri o yerlər canlanırdı. Lakin kəndə daxil olduğumuz zaman azad edilmiş digər ərazilərdəki oxşar mənzərə ilə rastlaşdıq; dağılmış evlər, məhv edilmiş abidələr, 30 il insan ayağı dəyməyən boz torpaq...

Horovluda ilk baş çəkdiyimiz yer "Orta" kəhriz oldu. Qədim tarixi olsa da, bu kəhrizin nə zaman yaradıldığı məlum deyil. Məlumata görə, sakinlər "Orta" kəhrizi Horovlu işğal olunana qədər bir simvol kimi qoruyub saxlayıblar.

Cəbrayıl, Qubadlı və Zəngilanda Bərpa, Tikinti və İdarəetmə Xidmətindən aldığımız məlumata görə, artıq Horovlu kəndində 5 kəhriz bərpa olunub. Onlardan biri də "Orta" kəhrizdir.

Vaxtilə kənddə, həmçinin Böyük Vətən Müharibəsi iştirakçılarının adları qeyd olunmuş memorial kompleks, eləcə də türk (sayı dəqiq bilinmir) qəbiristanlığı olub. Nuru Paşanın da iştirak etdiyi döyüşlərdə həlak olan bir neçə türk əsgərinin burada dəfn olunduğu bildirilir.

Kənddə “Sarı ocaq” adlı ibadət yeri də olub. Ocağın həyətində məscid də olub. İbadət yerini Sərdar Alı adlı şəxs sonradan bərpa edib. Onun oğlu İxtiyar Binnətəliyev də Horovlunun keçmiş sakinlərindəndir. İşğaldan öncə kəndin mədəniyyət evində müdir kimi çalışıb. O, Bakıda olarkən bizimlə söhbətində vurğuladı ki, kəndin müharibədən əvvəl hamamı, dəyirmanı, mədəniyyət evi, kitabxanası, 600 şagird yeri olan məktəbi, 2 yerdə çörək zavodu olub. Lakin işğal dövründə ərazi erməni vandalizminə məruz qalıb və bu tikililərdən əsər-əlamət qalmayıb.

Kənddə olarkən orada sürətli tikinti və bərpa işlərinin aparıldığına şahidlik etdik.

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyyə Rzayeva məlumat verdi ki, Böyük Qayıdış proqramının 1-ci mərhələsində, yəni 2026-cı ilədək Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarına 40 mindən çox əhalinin köçü nəzərdə tutulub:

“Doğma yurdlarına qayıdan sakinlər üçün bu üç rayonda 24 kənd, 5 qəsəbə, həmçinin Cəbrayıl, Qubadlı, Zəngilan şəhərlərinin salınması, evlərin və çoxmənzilli binaların tikintisi planlaşdırılıb. Bu işlər Dövlət Proqramı çərçivəsində mərhələli şəkildə həyata keçirilir. İlkin olaraq 334 ailə üçün yaşayış evi tikilməkdədir, sonra mərhələli şəkildə 1395 nəfər kənd sakininin öz yurdlarına geri dönməsi nəzərdə tutulub. Mövcud məskunlaşma ərazisi 93.74 ha olsa da, inkişaf perspektivləri nəzərə alınaraq gələcəkdə kənd ərazisi genişləndiriləcək. Sakinlər üçün inşa edilən evlər iki, üç, dörd və beşotaqlı olacaq”.

Beləliklə, çox keçməz ki Horovlu öz tarixi kəhrizləri ilə birgə əvvəlki şöhrətini bərpa edər. (Report)

Oxşar xəbərlər