İstiqamətimiz Zəngilanın Cahangirbəyli kəndinədir. Yolumuz azad edilən ərazilərdən keçir. Bir yanda 30 illik işğal zamanı dağıdılan yurd yerləri görünsə də, digər yanda yenidən qurulan yaşayış yerləri, tikinti meydançalarına çevrilən məkanlar diqqət çəkir. Azadlığının beşinci ilində olan yurd yerlərimizin, sözün əsl mənasında, yenidən dirçəldiyi hiss olunur.
Cəbrayıl rayonundan keçib, Zəngilan ərazisinə daxil oluruq. Nəhayət dağlarla əhatə olunan Cahangirbəyli kəndinə çatırıq. Düşmənin viran qoyduğu bu yaşayış məntəqəsi indi geniş tikinti meydançasına çevrilib. Evlər tikilir, hər tərəfdən texnika səsləri eşidilir. Bütün işlər müasir standartlara uyğun və sürətli şəkildə aparılır.
Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyə Rzayeva ilə söhbət edirik. Bildirir ki, Zəngilanın Cahangirbəyli kəndinin inşasının birinci mərhələsi çərçivəsində 242 fərdi yaşayış evinin tikinti işləri aparılır. Kəndin layihələndirilən ümumi ərazisi 179 hektardır və hazırda birinci mərhələ üzrə 62 hektar ərazidə inşaat işləri görülür. “Cahangirbəylidə inşa olunan evlər 2-3-4-5 otaqdan ibarətdir. İkimərtəbəli evlərdə 5 otaq var. Kənd ərazisində, eyni zamanda, məktəb binası, uşaq bağçası, inzibati bina, bazar kompleksi, çoxfunksiyalı bina da tikilməkdədir", - deyə şöbə müdiri əlavə edir.
Ümumilikdə, evlərin əksəriyyətində qaba tikinti işləri başa çatdırılıb, bir qismində dam örtükləri tamamilə yekunlaşıb, bəzilərində isə daxili təmir və bəzək işləri görülür. Hazırda evlərdə daxili kommunikasiya sistemlərinin çəkilməsi də həyata keçirilir. Tikinti işləri ilə yanaşı, yaşayış məntəqəsində sel və yağış sularının idarə edilməsi məqsədilə qurğular, suötürücü boru kəmərləri və drenaj xətlərinin çəkilməsi də nəzərdə tutulub.
Bir sözlə, Cahangirbəyli öz sakinlərini qarşılamağa tələsir. Azərbaycan dövlətinin yenidən qurduğu işğaldan azad olunan bütün ərazilər kimi, bu yaşayış məntəqəsində də evlərdən çal-çağır səsinin gələcəyi gün uzaqda deyil. (AZƏRTAC)