Qabil müəllim bildirdi ki, kəndimiz Oxçu çayının sol sahilində, dağətəyi ərazidə yerləşir. Kəndin adı da Türkiyənin Muş vilayətindən köçüb gəlmiş ailələrə görə belə adlanıb. İlk illər Muşlan adlanan kənddən bəzi ailələr Oxçu çayının sağ sahilinə köçüb orada kənd saldığı üçün sonralar İçəri Müşlan və Qıraq Müşlan adlanıb. Bu cür adlandırılma türklərə xas olan bir adətdir. «Kitabi - Dədə Qorqud» dastanında iç Oğuz, dış (kənar) oğuz ifadələri işlənmişdir. Ağsaqqallardan eşitdiyimiz kimi Arazın sağ sahilindən də buraya köçüb gələn ailələr olmuşdur. İçəri Müşlan kəndi Oxçu çayının sağ sahilindəki Məlikli və Zəngilan kəndləri, eləcə də çayın sol sahilində özündən 3 km aşağıda Tatar kəndi ilə həmsərhəddir. Təbii bitki örtüyü, şirin sulu bulaqları da kəndin zənginliyindən xəbər verir. Əsasən əkinçilik və heyvandarlıqla məşğul olan əhali öz tarixi dönəmində zəhmətləri bahasına yaşayıblar. Yaxşı yadımdadır Soltan Qardaşov adına natamam orta məktəbi bitirmişəm. O məktəbi bitirən şagirdlərin çoxu ali təhsil alıb müxtəlif vəzifələrdə çalışırlar. Onu da qeyd edim ki, kəndin ən yüksək yerində Tək ağac adlı bir müqəddəs ağac var.
Ümumiyyətlə, Zəngilanın ərazisində adını çəkib-çəkmədiyimiz pirlər içərisində «Tək Ağac» piri diqqəti daha çox cəlb edirdi. «Tək Ağac» İçəri Müşlan kəndində, Oxçu çayının sol sahilində, Zəngilan-Mincivan dəmir yolunun 3 km-liyində hündür bir təpədə bitmişdi. Demək olar ki, ətraf ərazilərdə bir ədəd də olsun ağac yox idi. Həm də deyirdilər ki, bu ağac İslam aləmində üç qardaş pirlərindən biri və Şimali Azərbaycanda yeganədir.
Bu pir haqqında xalq arasında xeyli rəvayət vardır. İçəri Müşlan kəndinin ağsaqqalarından biri, rəhmətlik babam Mustafa söyləyirmiş ki, bu müqəddəs Ağacın şimal-qərb tərəfində beş qəbir var. Bu qəbirlərdə uyuyan müqəddəslər İslam dininin ilk dövrlərində xristianlarla aparılan müharibələrdə şəhidlik zirvəsinə yüksəlmiş imamlardır (qoşun komandirləri). Bu ərazilərdə 918-ci ildə İslamın qəbul olunduğunu, Babəkin məhz bu yerlərdə tutulub Samirəyə aparıldığını nəzərə alsaq, Mustafa babamın söylədikləri həqiqətdir.
Bu müqəddəs ağacla bağlı İçəri Müşlan kəndinin Abdulla, Ağa, Məşədi Nəbi, Əyyub, Məmməd kimi ağsaqqalları da öz babalarından eşitdiklərini sonrakı nəslə danışardılar.
«Tək Ağac»dakı qəbirlərin, həmçinin onun özünün müqəddəsliyi lap qədim zamanlardan yerli əhalinin diqqətini cəlb etmiş, oranı ziyarətgaha çevirmişdilər. Xalqın inam və iman yeri olan bu pirə nəzir verilmiş, qurbanlar kəsilmişdir.
1993-cü ilin oktyabrınadək, yəni Zəngilanın Ermənistan tərəfindən işğalına qədər xəstələr, övladı olmayanlar, ürəyində hər hansı niyyəti olanlar pirə gələrək, dilək diləyər, çox vaxt da arzularına çatardılar.
Həm işğaldan əvvəl, həm də bu gün camaatımız «Tək Ağac haqqı» - deyərək, and içirlər.
Onu da demək lazımdır ki, «Tək Ağac» pirində dəfn olunmuş müqəddəslər kimi, Dəvəcüneyd piri, Ocaq Çinar və başqalarında da müsəlman imamlar uyuyurlar. Lakin «Tək Ağac» həmin müqəddəslərin qəbirlərinin himayəçisi kimi müqəddəsləşib.
İsa MUSAYEV