25.04.2024, 08:13
AZ EN
25.06.2022, 12:00 183

Müzəffər Ordumuzun qalib əsgərləri

YAZILAR
  • 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə bir qrup media nümayəndəsi Kəlbəcərdə Azərbaycan-Ermənistan sərhədində yerləşən Azərbaycan Ordusunun mövqelərinə səfər edib. Səfər zamanı AZƏRTAC-ın bölgə müxbiri Azərbaycan-Ermənistan sərhədində xidmət aparan zabit və əsgərlərimizlə söhbət edib, onların məişət şəraiti ilə tanış olub.

Burada hərbi qulluqçuların xidməti yüksək səviyyədə aparmaları üçün hər cür şərait yaradılıb. Bu da əsgərlərimizə Vətənimizin keşiyində hər zaman ayıq-sayıq durmağa, onu düşməndən layiqincə müdafiə etməyə imkan verir.

Sərhəddə, düşməndən azad olunmuş ərazilərdə xidmət keçməkdən fəxr edən hərbçilərimizdən əsgər Gülbala Şaqavatov Vətənin keşiyində dayanmağın həm məsuliyyətli, həm də qürurverici olduğunu deyib: “Azərbaycan Ordusunun əsgəri olduğum üçün qürur duyuram. Vətəni qorumaq borcumuzdur. Biz də bu borcu ləyaqətlə yerinə yetiririk. Torpaqlarımız işğaldan azad olunub və biz artıq öz doğma yurd yerlərimizdəki mövqelərimizdə dayanmışıq. Vətənimizin müdafiəsi üçün ayıq-sayıq xidmət aparırıq. Çox sevinirəm ki, şəhidlərimizin qanı yerdə qalmadı. Buna görə Ali Baş Komandanımıza təşəkkür edirəm”.

Çətin iqlim şəraiti, yüksək dağlıq ərazi olmasına baxmayaraq yataqxana, yeməkxana, idman şəhərciyi və sıra meydanı, hərbçilər üçün bütün zəruri avadanlıqla təchiz edilən xidməti və məişət otaqları, bir sözlə hərbi qulluqçulara xidmətlərini yüksək səviyyədə aparmaları üçün hərtərəfli şərait yaradılıb.

Əsgər yeməkxanası da müasir səviyyədədir. Təmiz və işıqlı yeməkxanada hərbi qulluqçulara bol enerjili, ekoloji təmiz və qida rasionuna uyğun yeməklər verilir. Bütün bunlar bir daha göstərir ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu istiqamətində görülən işlər uğurla davam edir, hərbi qulluqçuların xidmət, yaşayış və istirahət şəraitlərinin yüksək səviyyəyə çatdırılması məqsədilə konkret addımlar atılır.

“Hazırda biz dövlət sərhədinin ən ucqar nöqtələrindən birində xidmət aparırıq. Burada şəxsi heyətə göstərilən diqqət və qayğı onların mənəvi-psixoloji vəziyyətini yüksək səviyyədə saxlayır. Bu gün xidmətdə olan hər bir əsgər və zabit üzərinə böyük məsuliyyətin düşdüyünü anlayır. Çünki biz 30 illik həsrətdən sonra torpaqlarımızı düşmən tapdağından azad etdik. Artıq dövlət sərhədində, işğaldan azad etdiyimiz ərazilərdə xidmət aparırıq və bununla qürur duyuruq. Təminatın və xidmət şəraitinin yüksək səviyyədə olması bizə daha böyük stimul verir. Vəzifə borcumuzun icrasına daha böyük məsuliyyətlə yanaşır, etimadı doğrultmağa çalışırıq”, - deyə Azərbaycan Ordusunun zabiti baş leytenant Ülvi Vəlizadə vurğulayıb.

Əsgər Nadim Hüseynov da hərbçilərimiz üçün yaradılan şəraitlə yanaşı, yuxarı komandanlığın şəxsi heyətə münasibətindən razılığını bildirib: “Buralar bizim ata-baba torpaqlarımızdır. Komandirlərimizin bizimlə rəftarı, şəxsi heyətə münasibətindən və yaradılan şəraitdən çox razıyam”.

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Vətən müharibəsindən sonrakı dövrlərdə də ordumuzun müasir silah-sursat, hərbi texnika ilə təminatı məsələsinə xüsusi diqqət və qayğı ilə yanaşılır.

Təsadüfi deyil ki, bu gün ordumuzda dünyanın qabaqcıl ölkələrində istehsal olunan ən müasir silah-sursat və hərbi texnikalar var. Bir sözlə, bu gün Qalib Azərbaycan əsgəri Vətənin keşiyində ayıq-sayıq dayanıb, sərhədlərimizi göz bəbəyi kimi qoruyur və bu xidməti ilə qürur duyur.

Oxşar xəbərlər