17.12.2025, 12:12
AZ EN
17.12.2025, 09:10 98

Nigar Helmi: “Qarabağ irsi” incəsənət dili ilə dünyaya ünvanlanan çağırışdır

XƏBƏRLƏR
  • 2021-ci ildə yaradılan və Qələbənin birinci ildönümünə həsr olunan “Qarabağ irsi” kolleksiyası mövzusu ilə Nigar Helminin digər işləri arasında xüsusi yer tutur. Bu silsilənin mərkəzində Azərbaycanın işğal dövründə dağıdılmış mədəni irsi dayanır. Təxminən 30 il davam edən işğal ərzində muzeylərə, musiqi məktəblərinə, teatrlara və kitabxanalara ciddi ziyan dəyib, ərazilərdən təxminən dörd milyon kitab çıxarılıb. Dini abidələr də dağıntılardan yan keçməyib, belə ki, onlarla məscid məhv edilib və ya ciddi zərər görüb.

Bu barədə layihənin müəllifi, rəssam və ictimai xadim Nigar Helmi bildirib.

Onun sözlərinə görə, kolleksiyanın əsas məqsədi bu reallığı təsviri sənət vasitəsilə beynəlxalq auditoriyaya çatdırmaq və bir daha xatırlatmaqdır ki, müharibə şəraitində belə hər hansı ölkənin mədəni irsi məhv edilmə obyektinə çevrilə bilməz və çevrilməməlidir.

“Qürurla deyə bilərəm ki, son dörd il ərzində ekspozisiya İstanbul, Ankara, Kipr, Barselona, Madrid, Nyu-York, Boston və Parisdə nümayiş etdirilib. Faktiki olaraq dünyanın yarısını dolaşıb”, - deyə Nigar Helmi vurğulayıb.

Rəssam qeyd edib ki, bu il silsilə Qələbənin beşinci ildönümünə həsr olunan tədbirlər çərçivəsində Müasir İncəsənət Muzeyində təqdim olunur. Eyni zamanda kolleksiya davam etdirilib və yeni əsərlərlə zənginləşdirilib. Bu yeni işlər bu gün ölkədə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq proseslərinə, dirçəliş mövzusuna həsr olunub. Onlar artıq təkcə itkinin ağrısını deyil, həm də yenilənmə, həyatın qayıdışı və ümid intonasiyasını da daşıyır.

Layihənin yaranmasından danışan Nigar Helmi bildirib ki, silsilənin formalaşmasına əsas impuls 27 sentyabr - müharibənin ilk günü olub. Döyüşlərin başlandığı xəbərini eşidən kimi dərhal işə başladığını deyən rəssam əlavə edib: “Bu, böyük bir ağrı idi, eyni zamanda Vətənə sevgi və işğaldan əvvəl mövcud olmuş zəngin irsin məqsədli şəkildə məhv edildiyi ilə bağlı həqiqəti başqa xalqlara çatdırmaq istəyi idi”.

Onun sözlərinə görə, əsərlər yüksək emosional gərginlik şəraitində, “Bayatı-Şiraz” muğamının müşayiəti ilə yaradılıb. Məhz buna görə də hər bir tabloda Azərbaycanın torpağına, mədəniyyətinə və irsinə dərin sevgi ilə yanaşı, itkilərin qaçılmaz ağrısı da aydın hiss olunur. (AZƏRTAC)

Oxşar xəbərlər