Azərbaycan Teatr Xadimləri İttifaqının Mustafa Mərdanov səhnəsində keçirilən tədbirdə görkəmli dövlət xadimləri, ziyalılar, gənclər və media nümayəndələri iştirak ediblər.
Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş qəhrəmanlarımızın ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edilib.
Tədbiri giriş sözü ilə Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov açaraq 2 fevral - Gənclər Günü münasibəti ilə gəncləri təbrik edib. O, yeni yaranmış İncəsənətin Tərəqqisinə Dəstək İctimai Birliyi ilə keçirilən tədbirin yaradıcı və istedadlı gənclərin aşkarlanması və inkişafına xüsusi töhfə verəcəyini, birgə əməkdaşlıq nəticəsində bu istiqamətdə fəaliyyətin genişləndiriləcəyini vurğulayıb.
Məruzə ilə çıxış edən İncəsənətin Tərəqqisinə Dəstək İctimai Birliyinin sədri Turanə Orucova çıxışında 1996-ci ilin fevral ayının 2-də Müstəqil Azərbaycan Respublikası Gənclərinin 1-ci Forumunun keçirildiyini, həmin tarixin Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin Fərmanı ilə Azərbaycanda Gənclər Günü kimi qeyd edildiyini bildirib.
Natiq Gənclər Siyasəti haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanını, Gənclər Siyasəti haqqında Azərbaycan Respublikasının Qanununu, bu sahədə həyata keçirilən Dövlət proqramlarını və s. gənclərin bütün sahələrdə inkişafına öz müsbət töhfəsini verdiyini və bu günkü müstəqil, güclü, qalib Azərbaycan gəncliyinin formalaşmasını təmin etdiyini vurğulayıb.
Tədbir iştirakçılarına 44 günlük Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş Kənan Süleymanlıya həsr olunmuş jurnal hədiyyə edilib.
İncəsənətin Tərəqqisinə Dəstək İctimai Birliyinin və Teatr Xadimləri İttifaqının rəhbərlərinin imzası ilə 30 nəfər yaradıcı və istedadlı gənc təşəkkürnamə ilə təltif edilib.
Tədbir İncəsənətin Tərəqqisinə Dəstək İctimai Birliyinin “Zəfər yurdu” ansamblının vətənpərvərlik musiqiləri ilə davam edib.
Hazırladı: Mina RƏŞİD