Əli Vəliyev 1920–1930-cu illərdən başlayaraq dövri mətbuatda oçerk və hekayələrlə çıxış edib. Həmin illər işıq üzü görmüş “Allahın səyahəti”, “Nənəmin cəhrəsi”, “Qarlı dağlar”, “Qəhrəman”, “Ordenli çoban”, “Sübut” kimi kitabları tez bir zamanda geniş oxucu auditoriyasının rəğbətini qazanıb.
Böyük Vətən müharibəsi illərində cəbhəyə könüllü yollanan yazıçı, iştirakçısı və şahidi olduğu döyüşlər, əsgərlərimizin qəhrəmanlığı haqqında silsilə məqalələr yazıb. Həmin dövrlər onun müharibədən bəhs edən “Cəbhə hekayələri”, “Ərköyün”, “Sovqat” adlı kitabları nəşr olunub.
1950–1970-ci illərdə yazıçının “Madarın dastanı”, “Ürək dostları”, 6 cildlik “Seçilmiş əsərləri” “Turaclıya gedən yol”, “Budağın xatirələri” romanları, “Zəngəzur qartalları”, “Bir cüt tərlan” povestləri, “Uşaqlara sovqat”, “Əziz nəvələrimə”, “Anaqız”, “Bir cüt ulduz”, “Yeni həyat” hekayələr kitabı, “Zamanın ulduzları”, “İstedad”, “Samovar tüstülənir”, “Gəncliyimi tapdım”, “Durna qatarı” adlı roman, povest, hekayə və oçerkləri toplanan kitabları işıq üzü görüb. 1980-ci illərdə “Qarabağda qalan izlər”, “Narahat adam” romanları, “Qənirsiz gözəl”, “Zamanın ulduzları” adlı povest və hekayələrinin toplandığı kitabları kütləvi tirajlarla nəşr edilib.
1950-ci ildə “Gülşən” povestinin motivləri əsasında görkəmli bəstəkar Soltan Hacıbəylinin bəstələdiyi eyniadlı balet Azərbaycan Opera və Balet Teatrının, 1953-cü ildə isə Ə.Nəvai adına Daşkənd Böyük Teatrının səhnəsində tamaşaya qoyulub.
1958-ci ildə yazıçının “Gülşən” povesti və “Çiçəkli” romanı M.F.Axundov adına Dövlət mükafatına, 1952-ci ildə SSRİ Dövlət mükafatına layiq görülüb. Müxtəlif dövrlərdə Lenin, “Qırmızı Əmək Bayrağı”, “Oktyabr İnqilabı”, “Şərəf Nişanı” ordenləri və SSRİ Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilib.
Dilinin zənginliyi, rəvanlığı, xalq danışığından bəhrələnən şirin sadəliyi, şəxsiyyətindən doğan səmimiyyəti ilə Əli Vəliyev dövrünün ən çox oxunan, sevilən yazıçılarından olub. Janrından asılı olmayaraq əsərlərindən duyulan torpaq, çörək ətri, halallıq qoxusu bu gün də öz təzəliyini, təravətini qoruyub saxlayır. İstedadı və yaradıcı zəhməti ilə Azərbaycan ədəbiyyatının inkişafına, dilin zənginləşməsinə misilsiz töhfələr vermiş yazıçı sözün çəkisini, namusunu ləyaqətlə qorumuş, sovet rejiminin ən çətin sınaqlarından alnıaçıq, üzüağ çıxaraq, mənliyini, qürurunu, ədəbiyyata, dosta sədaqətini hər şeydən uca tutmuşdur.
Öz “Tərcümeyi-hal”ında yazdığı bu sözləri Əli Vəliyevin ömür yolunun devizi qəbul etmək olar: “Öz namuslu əməyi ilə həyat sürmək, sənəti ilə yaşayıb ömrü başa vurmaq, əsərləri ilə oxucuların qəlbinə yol tapmaq yazıçı üçün ən böyük sərvətdir”.
Əli Vəliyev 2 fevral 1983-cü ildə Bakı şəhərində vəfat edib. Ruhu şad olsun!
Hazırladı: Mina RƏŞİD