Tədbir Vətən Müharibəsində iştirak etmiş və qazi olmuş mədəniyyət işçilərinin müharibə və qələbə təəssüratlarını əks etdirən videoçarxın nümayişi ilə başlayıb.
Çıxış edən mədəniyyət naziri Anar Kərimov Vətən Müharibəsi zamanı milli birlik faktının vacibliyini diqqətə çatdırıb: "Bizim üçün böyük bir qürurdur, fəxrdir ki, Vətən Müharibəsinin qalibiyyətinin ardından həm Azərbaycan xalqının böyüklüyünü, həm də Cənab Prezidentin rəhbər şücaətini gördük, hiss etdik. Azərbaycan xalqını, Azərbaycan millətini müharibə dönəmində və müharibədən sonrakı dövründə bir yumruq şəklində birləşməsi hamımız üçün bir örnəkdir".
Nazir həmçinin müharibədə iştirak etmiş mədəniyyət işçilərinin mədəniyyət sahəsində də qəhrəman olduqlarını vurğulayıb: "Biz mədəniyyətimizə, öz kimliyimizə, öz kökümüzə bağlı xalqıq. Bu savaşa sizləri göndərən də məhz o milli kimliyə, kökə bağlılıq və məsuliyyət oldu. Siz eyni zamanda iki cəbhədə vuruşmusunuz: müharibə vaxtı səngərdə, müharibədən əvvəl və indi isə mədəniyyət sahəsində. Bu, böyük bir qəhrəmanlıqdır, siz bu böyük mədəniyyətin daşıyıcılarısınız".
Sonra qazilərə mədəniyyət naziri tərəfindən fəxri fərmanlar təqdim olunub.
Təltiflərdən sonra tədbir bədii hissə ilə davam edib. Mədəniyyət müəssisələrində çalışan qazilər müxtəlif çıxışlar nümayiş etdiriblər.
Qeyd edək ki, Vətən müharibəsində iştirak edən mədəniyyət işçilərindən ümumilikdə 8 şəhid, 12 qazi var. (APA)