Təqdim etdiyim xalçanın əsas elementləri bir-birinə bənd olan Qarabağ atlarıdır. Ona görə də toxuduğum xalçada Qarabağ atlarının timsalında mübarizlik və döyüşkənlik ştrixlərini əlaqələndirməyə çalışmışam.
Bu sözləri “Azərxalça”nın “Zəfər” kolleksiyasının təqdimatı zamanı “Zəfəri bizə gətirənlər” xalçasının müəllifi Fidan İlham müsahibəsində deyib.
“Xalça üzərində yaratdığım bənzərlikdə döyüşçülərimizin 44 gün ərzində çiyin-çiyinə döyüşməsi, möhtəşəm həmrəylik nümayiş etdirmələri əksini tapıb. Burada, həmçinin şəhidlərimizin adlarının və soyadlarının baş hərfləri əks olunub. Atların arasında olan boşluqda isə stilizə olunmuş alov elementi var. Bu, Azərbaycanda heç vaxt sönməyəcək ocaq mənasına gəlir. Ən əsası, xalçanın mərkəzində ərəbcə yazılmış “Allah” sözü şəhidlərimizin ən uca zirvəyə, yəni cənnətə ucalmasını göstərir”,- deyə müəllif bildirib.