Dünən, aprelin 15-də Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda “Qarabağ savaşı ədəbiyyatımızda” adlı keçirilən konfrans və sərgi həmin fikirləri bir daha darmadağın etdi. Tədbirdə millət vəkilləri, ədəbiyyatşünas alimlər, tanınmış şairlər, yazıçılar və xüsusilə də, Qarabağ mövzusunda əsərlərin müəllifləri iştirak etdilər.
Konfransda mövzu ilə bağlı nəsr və dramaturgiya üzrə AYB-nin katibi İlqar Fəhmi, publisistika üzrə “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, poeziya üzrə isə AYB-nin poeziya seksiyasının rəhbəri, şair İbrahim İlyaslı məruzə ediblər.
Müzakirələrdə AYB sədri, Xalq yazıçısı Anar, AYB-nin birinci katibi Xalq yazıçısı Çingiz Abdullayev, AYB-nin sədr müavini, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, tənqidçi Vaqif Yusifli, millət vəkili, ədəbiyyatşünas-alim Elnarə Akimova, AYB-nin katibi, şair, tərcüməçi Səlim Babullaoğlu, millət vəkilləri və yazıçılar iştirak ediblər.
Qeyd edək ki, tədbir çərçivəsində Qarabağ savaşı mövzusunda əsərlərdən ibarət sərgi də təşkil edilib.
Konfransda dinləniləm məruzələrdə müasir ədəbiyyatımızda Qarabağ Zəfərinin təcəssümü, yazıçılarımızın 44 günlük Vətən müharibəsində səngərdə olan Azərbaycan əsgəri ilə birgə könül çırpıntılarından doğan yazılarının “Ədəbiyyat” qəzeti, “Azərbaycan”, “Ulduz” və “Qobustan” jurnallarında isti-isti oxuculara çatdırıldığından danışdılar. Onlar bildirdilər ki, elə bir qələm adamı yoxdur ki, şanlı Zəfərimizə öz töhfəsini verməsin. Sözsüz ki, bütün əsərlər eyni cür ədəbi meyarlara cavab vermir. Amma bununla belə müasir ədəbiyyatımızda bu mövzuda kifayət qədər uğurlu və ədəbi hadisəyə çevrilən əsərlər var və bunların üzərinə kölgə salmaq olmaz...
Qeyd edək ki, məruzələrin tam mətni “Ədəbiyyat” qəzetində işıqlandırılacaq.
Tədbirdə məruzə ilə çıxış edən tənqidçi Azər Turan “Vətən səsi”nə bildirdi ki, 2020-ci ilin noyabrından etibarən ədəbiyyatımızda Qarabağnamələr dövrünü Zəfərnamələr dövrü əvəz edib. 44 günlük savaşın ilk günlərindən etibarən Azərbaycan ədəbiyyatı, tarixdə ilk dəfə “Əzməyən əzilir” düsturu ilə hərəkət etdi. Dəmir Yumruq bizdə bəzi yazıçılarımızın, şairlərimizin qələmi ilə, az qala, pasifizmə doğru yuvarlanmaqda olan yaradıcılıq havasını səngər havasına dönüşdürdü. Dəmir Yumruq sübut etdi ki, Milli məfkurə və Savaş ruhu bütün estetikaların fövqündədir.
44 günlük savaş və onun fərəhli nəticəsi Qarabağı və özəlliklə Şuşanı ədəbiyyatımızın dominantına çevirdi. Azərbaycan düşüncə tarixində Şuşa və Qarabağ heç zaman 2020-ci ilin noyabrından sonra olduğu kimi belə vüsətlə təmsil olunmamış, bu miqyasda ədəbiyyatın predmetinə çevrilməmişdi...
Konfransın ideya müəllifi və təşkilatçılarından olan yazıçı Elçin Hüseynbəyli tədbirin keçirilməsinin heç də təsadüf olmadığını diqqətə çatdırdı. Yazıçı Natəvan Dəmirçioğlu bildirdi ki, o sərgidə “Açar” romanı ilə təmsil olunur və bu əsəri ilə möhtəşəm Zəfərimizin təkcə Azərbaycanda yox, bütün dünyada tanıdılmasını hədəfə alıb: “Bu roman 10 illik zəhmətimin bəhrəsidir. Əsər müharibənin başlamasından, hələ ondan da əvvəlki dövrü, müharibənin gedişatı və Zəfərimizi əhatə edir. Arzum budur ki, Azərbaycan həqiqətləri ölkəmizdən kənara, dünyaya çatdırılsın...”
Tədbirdə AYB-nin sədr müavini, Mətbuat Şurasının sədri Rəşad Məcid çıxış edərək qeyd etdi ki, müasir ədəbiyyatımızla bağlı deyilənlər yəqin ki, Ədəbiyyatın bu gün populyar olmaması ilə bağlıdır. Amma yazıçılarımızın xidməti danılmazdır, xüsusilə də, vətənpərvərlik kimi vacib bir mövzuda...
Mina RƏŞİD