Sərgi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən “QGallery” və yerli “Miras” brendinin dəstəyi ilə təşkil olunub.
Ekspozisiyada Nigar Helmi doğma Qarabağ torpağından ilhamlanaraq tarix, yaddaş və kimlik anlayışlarının bir-biri ilə bağlı qatlarını araşdırır. Sərgi dağıntılara və məcburi köçkünlüyə baxmayaraq, mədəniyyətin, ənənələrin və kollektiv yaddaşın nəsildən-nəslə necə yaşadığını və qorunduğunu düşünməyə sövq edir.
Tədbirdə çıxış edən kolleksiyanın müəllifi Nigar Helmi vurğulayıb ki, “Qarabağ irsi” sərgisi Azərbaycanın şanlı Qələbəsinin 5 illiyinə həsr olunub.
Onun sözlərinə görə, sərginin adı - “Qarabağ irsi” səslənmə baxımından gözəl olsa da, əslində müəyyən ironiya da daşıyır.
“Bu torpaqlarda təxminən 30 il davam edən işğal dövründə mədəni irsin çoxsaylı nümunələri dağıdılıb və talan edilib. Həmin illərdə muzeylər, musiqi məktəbləri, teatrlar, kitab fondları böyük zərər görüb, minlərlə arxeoloji artefaktın müxtəlif auksionlarda satışa çıxarıldığı barədə məlumatlar yayılıb. Təəssüf ki, onların bir qismini geri qaytarmaq son dərəcə çətindir. Məhz buna görə sərgi bu adı daşıyır”, - deyə o bildirib.
Nigar Helmi əlavə edib ki, bu ekspozisiyanı bir missiya kimi qəbul edir.
“Kimsə soruşa bilər: niyə rəssam dağıdılmış muzeyləri, məktəbləri, mədəniyyət ocaqlarını kətana köçürür? Mən bu sərgini müxtəlif ölkələrdə nümayiş etdirmək istəyirəm ki, Qarabağda məhv edilmiş mədəni irsin miqyasını göstərim və Azərbaycanı layiqincə təqdim edim”, - deyə kolleksiyanın müəllifi qeyd edib.
Filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı və publisist Şərəf Cəlilli çıxışında bu cür tədbirlərin təşkili və ictimai-mədəni mühitin formalaşdırılmasında ziyalıların mühüm rolunu vurğulayıb. O, uzun illər ərzində Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliğinə əhəmiyyətli töhfələr verən insanların fəaliyyətini xüsusi qeyd edib.
Bildirib ki, Azərbaycan-Türkiyə dostluğu və əməkdaşlığı çərçivəsində keçirilən tədbirlər və elmi-mədəni platformalar xalqlarımızın daha da yaxınlaşmasına xidmət edir və bu baxımdan sərgi mədəni yaddaşın canlı təcəssümüdür.
Layihə Qarabağın ağrılı tarixini, müharibənin travmalarını, itirilmiş evlərin kədərini və uzun müddət səsi eşidilməyən icmaların taleyini əks etdirir. Çoxqatlı fakturalar, ifadəli rəng palitrası və güclü formalar itki ilə qorunma, yaddaşla dirçəliş, kədər ilə mədəniyyətin dayanıqlılığı arasında dialoq yaradır.
Qeyd edək ki, Nigar Helmi azərbaycanlı rəssamdır, rəngkarlıq, qarışıq texnikalar və instalyasiya sahələrində fəaliyyət göstərir.
Onun yaradıcılığının mərkəzində yaddaş, kimlik və mədəni irs mövzuları, eləcə də məkanın, şəxsi tarixçənin və kollektiv təcrübənin insanın özünü və cəmiyyətini dərk etməsinə təsiri dayanır. Helminin əsərlərində təbiət motivləri və tarixi istinadlar müasir incəsənət prizmasından yenidən düşünülərək təqdim olunur və həm yerli, həm də beynəlxalq müstəvidə rezonans doğurur. Rəssamın əsərləri dünyanın müxtəlif ölkələrində nümayiş etdirilib və aparıcı dövlət və özəl kolleksiyalarda yer alıb. (AZƏRTAC)