Oktyabrın 25-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli”nə həsr olunmuş qrant layihəsi əsasında hazırlanmış “Qarabağ mətbəxinin inciləri” kitabının təqdimatı olub.
Kitabda Qarabağın müxtəlif bölgələrinin mətbəxi öz əksini tapıb.
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin 5 nömrəli Bakı Peşə Məktəbinin direktor, müəllim və şagird heyətinin qatıldığı tədbirdə Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti və kitabın müəllifi Tahir Əmiraslanov çıxış edərək “Qarabağ mətbəxinin inciləri” kitabının “Azərbaycan mətbəxində dolmalar. 381 çeşid”, “Azərbaycan mətbəx mədəniyyəti”, “İrəvan xanlığının bölgə mətbəxi” kitabları kimi dünyanın ən yaxşı kulinariya nəşrlərində olacağına ümid etdiyini vurğulayıb. Qeyd edilib ki, adları çəkilən 3 kitab həm də Nobel mükafatı ev-muzeyində nümayiş etdirilir.
“Qarabağ mətbəxinin inciləri” kitabının müəlliflər tərəfindən imzalanmış bir nüsxəsi Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin 5 nömrəli Bakı Peşə Məktəbinin kitabxanasına hədiyyə olunub.
Məktəbin direktoru Pərviz Həmzəyev öz çıxışında kollektiv və tələbələr adından daimi dəstəyi üçün Tahir Əmiraslanova təşəkkürünü bildirib.
Tədbirdə məktəbin şagird və müəllimlərinə Qarabağ mətbəxi üzrə ustad dərsləri keçirilib, iştirakçılara sertifikatlar təqdim olunub.