Bu gün xüsusi təyinatlı, baş leytenant Asəf Abid oğlu Ağayevin anım günüdür. O, 1993-cü il noyabr ayının 24-də Qax rayonunda anadan olub. 2009-cu ildə C.Naxçıvanski adına hərbi liseyə daxil olub və 2012-ci ildə bitirib. 2012-2016- ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali hərbi məktəbində təhsil alıb. 2016-ci ildən Ordumuzun Xüsusi Təyinatlı Qüvvələrində leytenant kimi Vətənə xidmətə başlayıb.
Asəf Ağayev 44 günlük Şanlı Vətən Müharibəsi başlayandan sona qədər vuruşub. Füzulidən Şuşaya qədər döyüş yolu keçib.
Şuşa fatehlərindən olan Asəf Ağayev 2020-ci il dekabrın 10-da keçirilən Bakı Qələbə Paradında XTQ-in baş leytenantı kimi iştirak edib.
2020-ci il noyabrın 24-də doğum gününü böyük qürurla Şuşada keçirən qəhrəman 27 yaşının tarixə düşəcəyini söyləmişdi.
Baş leytenant Asəf Ağayev 2020-ci il dekabr ayının 17-də iki hərbçi yoldaşı ilə Xocavənddən Laçın istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşərək şəhidlik zirvəsinə ucalıb.
Şəhidimiz doğulduğu Qax rayonunda Şəhidlər Xiyabanında, öz sözü ilə desək, “İgidlərin yatdığı yerdə” böyük bir izdiham və ehtiramla dəfn edilib. Onun şəhid olması xəbəri türk mediası və televiziyasında da işıqlandırılıb.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə Asəf Ağayev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə", “Xocavəndin azad olnmasına görə”, "Şuşanın azad olunmasına görə" medalları və “Azərbaycan bayrağı” ordeni ilə təltif edilib.
Ruhun şad olsun, məzarın nurla dolsun, qəhrəman şəhidim!
Mina RƏŞİD