FHN-in mətbuat xidmətindən verilən məlumata görə, tədbirlərdən əvvəl şəxsi heyət tərəfindən Şəhidlər xiyabanı ziyarət olunub, şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib. Nazirliyin əməkdaşları, həmçinin soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirildiyi muzeyi də ziyarət ediblər.
Dövlət Himninin səsləndirilməsi ilə başlanılan toplantılarda soyqırımı qurbanlarının, eləcə də Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbirlərdə XX əsrin əvvəllərində xalqımıza qarşı törədilmiş kütləvi qırğınların mahiyyəti bir daha xatırlanıb, bu faciələrin tarixi yaddaşda qorunub saxlanılmasının vacibliyi vurğulanıb. Natiqlər 1918-ci ilin mart-aprel aylarında erməni-daşnak birləşmələri tərəfindən törədilmiş hadisələrin mahiyyəti, nəticələri və Azərbaycan xalqına vurduğu ağır zərbələr barədə geniş məlumat veriblər. Qeyd olunub ki, həmin dövrdə minlərlə günahsız insan yalnız milli və dini mənsubiyyətinə görə amansızlıqla qətlə yetirilib, yaşayış məntəqələri barbarcasına dağıdılıb.
Çıxışlarda xüsusi vurğulanıb ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən imzalanan “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə həmin tarixin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması bu faciəyə hüquqi-siyasi qiymət verilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu siyasət Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən sistemli şəkildə davam etdirilib və həqiqətlər beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb.
Tədbirlərdə, həmçinin bildirilib ki, Azərbaycan xalqının qan yaddaşını silmək üçün dəfələrlə ardıcıl cəhdlər göstərilməsinə baxmayaraq, erməni-daşnak birləşmələri arzularına çata bilməyib, onların mənfur niyyətlərinin qarşısı qətiyyətlə alınıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin mahir diplomatiyası, parlaq sərkərdəlik istedadı və müdrik idarəçilik qabiliyyəti nəticəsində erməni-daşnak faşizminin reallaşdırmaq istədiyi terrorçuluq, hərbi təcavüz və silahlı separatçılıq siyasəti ifşa olunub, düşmən birdəfəlik susdurulub. 44 günlük Vətən müharibəsi və 23 saatlıq antiterror tədbirləri Azərbaycanın üzləşdiyi 30 illik işğala son qoymaqla yanaşı, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası ilə yekunlaşıb, 200 illik məkrli və qanlı tarixə malik erməni separatizmi “Dəmir yumruq”un qarşısıalınmaz zərbəsi ilə məhv edilib.
Tədbirlərdə azərbaycanlıların soyqırımı tarixini əks etdirən filmlər nümayiş olunub. (AZERTAC)