Deyirlər, hər şey uşaqlıqdan başlayır. Bu baxımdan uşaq ədəbiyyatının da üzərinə böyük məsuliyyət düşür. Necə ki, uşaqlıqdan mübarizlik ruhunda böyüyən gənc nəslin nümayəndələri olan şəhidlərimiz, qazilərimiz, igid əsgərlərimiz canları-qanları ilə belə möhtəşəm bir Zəfər tarixini yazdılar. Bu gün də, torpaqlarımız azad edilsə belə, biz yenə də ayıq-sayıq olmalıyıq. Yurdumuzun hər qarışını göz bəbəyimiz kimi qorumalıyıq. Bunun üçün də uşaqlarımızın ruhunu qorumalıyıq.
Bəs görəsən bu gün uşaq ədəbiyyatımızda Qarabağ Zəfəri necə tərənnüm edilir? Bununla bağlı tanınmış uşaq yazıçısı, bu mövzuda dəyərli əsərlərin müəllifi Mürşüd İsmayılzadə ilə öz əsərləri və ümumiyyətlə başqa müəlliflərimizin Qarabağ Zəfərinin tərənnümü ilə bağlı söhbətləşdik.
Bunlar sadəcə hekayə deyil, tarixdir...
Mürşüd müəllim deyir ki, Vətən müharibəsi xalqımızın tarixində xüsusi yer tutur. Mən də bir yazıçı kimi bu zəfəri gələcək nəsillərə çatdırmağı özümə borc bilmişəm. Uşaqların qəhrəmanlıq ruhunda böyüməsi, Vətənə sevgi ilə yetişməsi üçün bu mövzuya müraciət etdim. “Zəfəri yaşayanlar, yaşadanlar” kitabı da məhz bu düşüncənin nəticəsidir.
Bu kitabda hekayələr 44 günlük Vətən müharibəsinin real hadisələri əsasında qurulub. Əsgər və zabitlərimizin vətənpərvərliyi, qorxmazlığı, döyüş bacarığı və əzmkarlığı kitabın əsas xəttini təşkil edir.
Mən istəyirdim ki, oxucular qəhrəmanlarımızın əsl simasını görsünlər. Xüsusi təyinatlılarımızın döyüş əməliyyatları, Hadrut döyüşünün bəzi məqamları, kəşfiyyatçılarımızın cəsarəti – bunların hamısı real qəhrəmanlıq nümunələridir. Məsələn, təkbaşına düşmən snayperini əsir götürən və ya silahdaşlarını xilas etmək üçün özünü sipər edən əsgərlərimiz – bunlar sadəcə hekayə deyil, tarixdir.
Düşünürəm ki, bu kitab uşaqlarda vətənpərvərlik hissini gücləndirir, onları qəhrəmanlarımızla tanış edir. Onlar anlayır ki, Vətən uğrunda mübarizə aparan insanlar realdır və bu günümüzün qəhrəmanlarıdır. Bu isə gələcək nəsildə məsuliyyət, sevgi və qürur hissini formalaşdırır.
Kitabla bağlı məktəblilərlə çoxsaylı görüşlər keçirmişik. Bu görüşlər həm Bakıda, həm də bölgələrdə - Laçında, Füzulidə, Naxçıvanda təşkil olunub. Şagirdlərin böyük marağı və sualları göstərir ki, bu mövzu onlar üçün çox əhəmiyyətlidir və onları dərindən təsirləndirir.
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi bu kitabı əldə etdiyi üçün o bütün məktəblərin kitabxanalarında var. Bu, mənim üçün böyük qürur və məsuliyyətdir. Çünki artıq kitab daha geniş oxucu kütləsinə çatır və öz missiyasını yerinə yetirir.
İstəyərdim ki, bu kitabı oxuyan hər bir uşaq və gənc qəhrəmanlarımızı tanısın, onların igidliyindən ilham alsın və Vətənə layiqli övlad kimi böyüsün.
Hazırda bu mövzuda dəyərli nümunələrimiz var
Mina xanım, sizə təşəkkür etmək istəyirəm ki, daim bu mövzunu diqqət mərkəzində saxlayır və onu böyük həssaslıqla təbliğ edirsiniz. Elə Sizin “Zəfərdir mənim adım” kitabınızda da vətənpərvərlik və Qarabağ mövzusunda çoxsaylı təsirli şeirlər yer alır. Hazırda uşaq ədəbiyyatında bu mövzuda dəyərli nümunələr var. Məsələn, Zahid Xəlilin “Dəmir yumruq dastanı”, Sevinc Nuruqızının “Zəfər nəğməsi”, Aybəniz İsmayılovanın “Xarıbülbülün nağılı” kimi əsərlər uşaqlarda vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynayır. Lakin hesab edirəm ki, bu mövzuda daha çox əsər yazılmalıdır. Çünki Qarabağ zəfəri gələcək nəsillərə daim çatdırılmalı olan bir tarixdir.
Söhbətləşdi: Mina RƏŞİD