Bunu "Sülh Körpüsü" Təşəbbüsünün əsas əlaqələndiricisi Fərhad Məmmədov bu gün Bakıda təşəbbüs üzvlərinin qadın və gənclər təşkilatlarının iştirakı ilə keçirilən “Azərbaycanda qadın və gənclər təşkilatlarının sülh prosesinə cəlb edilməsi: “Sülh Körpüsü” Təşəbbüsü çərçivəsində ictimai müzakirə” zamanı bildirib.
O qeyd edib ki, vətəndaş cəmiyyətinin sülhə hazırlığı məsələsi də aktiv şəkildə müzakirə olunur:
"Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri münaqişənin ilk günlərindən etibarən müəyyən kontaktlar saxlayıb. Bu proses əvvəlcə kiçik qruplar çərçivəsində başlasa da, sonradan fəaliyyət dairəsi genişlənib.
Hazırkı sülh prosesi qeyri-adi xarakter daşıyır. Belə ki, müharibə başa çatsa da, sülh sazişinin imzalanması prosesində Ermənistan tərəfi müəyyən maneələr yaradır.
Dövlətlərarası münasibətlərin əsasları artıq formalaşdırılıb. Lakin bu razılaşmalar Ermənistan Konstitusiyasında dəyişikliklə bağlı referendum keçirilmədən qüvvəyə minə bilməz. Bu baxımdan iki yanaşma mövcuddur: ya referendumun nəticələri gözlənilməli, ya da mövcud kontaktlar davam etdirilməlidir.
Hər iki ölkənin cəmiyyətinə göstərilməyə çalışılır ki, əməkdaşlıq mümkündür. Xüsusilə tranzit və neft-benzin məhsullarının ötürülməsi kimi iqtisadi sahələrdə real imkanların olduğunu qeyd edə bilərik. Siyasi və iqtisadi istiqamətlərdə müəyyən irəliləyiş müşahidə olunsa da, vətəndaş cəmiyyəti səviyyəsində proses hələ də formalaşma mərhələsindədir.
Bu istiqamətdə artıq Avropa İttifaqı və BMT vasitəsilə müxtəlif dialoq platformaları yaradılıb. Bununla belə, tərəflər hesab edir ki, dövlətlərarası münasibətlər ikitərəfli xarakter daşıdığından üçüncü tərəfin birbaşa iştirakı məqsədəuyğun deyil.
Maraqlı məqamlardan biri də donor təşkilatların təşəbbüsləri ilə bağlıdır. Belə ki, bir neçə beynəlxalq qurum fəaliyyətin maliyyələşdirilməsinə hazır olduqlarını bildirsə də, tərəflər olarsq biz bu prosesi yalnız ikitərəfli formatda görmək istəyirik.
Hazırda bütün görüşlər dövlət tərəfindən təşkil edilir, birgə fəaliyyət üçün institusional mexanizmlərin isə hələ formalaşmayıb. Sülh sazişi imzalandıqdan və dövlətlərarası münasibətlər tam formalaşdıqdan sonra bu sahədə daha sistemli dəstək mexanizmləri yaradılacaq.
Prosesin əsas istiqamətləri iki sual ətrafında cəmlənir: sülhə yanaşma necə olmalıdır və praktik olaraq hansı addımlar atıla bilər?
Yaxın vaxtlarda növbəti görüşün keçirilməsi planlaşdırılır və Ermənistan tərəfinin Azərbaycana səfəri gözlənilir. Görüş zamanı Azərbaycan vətəndaş cəmiyyətinin mövqeyi qarşı tərəfə təqdim ediləcək və mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunacaq".
Qeyd edək ki, bu ictimai müzakirə Azərbaycanla Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri arasında aparılan dialoq nəticələrinin Azərbaycan vətəndaş cəmiyyəti ilə bölüşülməsi, mövcud vəziyyətin açıq müzakirəsi və gələcək üçün qadın və gənclərin cəlb edilməsinin praktik mexanizmlərin formalaşdırılması, təkliflərin toplanması məqsədi daşıyır. (Trend)