03.04.2026, 12:51
AZ EN
03.04.2026, 09:00 222

Rəşad şəhid olan gün ürəyim elə yandı ki…

XƏBƏRLƏR
  • Rəşadın anası deyir ki, balamın gözlərində qorxu yox idi. O, həmişə bir az zəif olan dostlarını müdafiə edirdi. Rəşad Goranboyda əsgər olub və Şuşada şəhadətə ucalıb. Demək olar ki, bütün ərazilərdə vuruşub. Onunla axırıncı dəfə danışanda dedi ki, yaxşıyam, məndən nigaran qalmayın. Hiss etdim ki, sevdiyi var. Gələn kimi onu evləndirməyi düşündük…

Ancaq mən bilirdim ki, Rəşad şəhid olacaq. Çünki bu müharibədi. O şəhid olan gün ürəyim elə yandı ki… Bildim ki, nəsə olub...

Rəşad Novruzov 3 aprel 2002-ci ildə anadan olub. Əslən Sabunçu rayonunun Maştağa qəsəbəsindəndir. 255 nömrəli tam orta məktəbdə təhsil alıb. Rəşad 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi.

Azərbaycan Ordusunun əsgəri olan Rəşad Novruzov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Murovdağın, Füzulinin, Cəbrayılın, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə vuruşub və şücaətlər göstərib.

Rəşad Novruzov 6 noyabr 2020-ci ildə Şuşa şəhərində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhadətə ucalıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən “Kəlbəcərin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocəvəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Şücaətə görə”, “Cəsur döyüşçü”, “Vətən Uğrunda” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. 

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman Rəşad balamız!

Mina RƏŞİD

Oxşar xəbərlər