"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Peyk görüntüləri əsasında yayılan məlumatda qeyd olunur ki, əvvəllər Ermənistan silahlı qüvvələrinin mövqeyi Berkaber su anbarının sahilində yerləşib. Sərhədlərin dəqiqləşdirilməsindən sonra Ermənistan tərəfi bir qədər geri çəkilib və hazırda həmin post ərazidən yığışdırılıb.
Xatırladaq ki, hələ 2024-cü ilin aprelində Ermənistan və Azərbaycan Tavuşun Bağanis-Berkaber bölgəsinin bir neçə hissəsində demarkasiya aparmaq barədə razılığa gəliblər. Bundan sonra Ermənistan Baş Nazirinin Aparatı demarkasiya və delimitasiya işlərinin aparılmalı olduğu əraziləri xəritə üzərində qeyd edərək sərhədlərin dəqiqləşdirilməsi prosesinin həmin sənədə əsaslanacağını bəyan edib. Həmin xəritədə Ermənistan silahlı qüvvələrinə məxsus 3 müşahidə postunun yerləşdiyi mövqelərin yeri xüsusi işarələrlə qeyd olunub.
Ermənistan mətbuatının yaydığı məlumata görə, artıq hər üç post tamamilə sökülüb, erməni əsgərlərinin qazdığı səngərlər torpaqla doldurulub. O da qeyd olunur ki, erməni postlarının həmin ərazilərindən götürülməsi Qazaxın 4 kəndinin Azərbayacan təhvil verilməsi ilə bağlı əldə edilmiş razılaşmaya əsaslanır. Razılaşmanın icrasından sonra Kirants və Berkaber kəndləri üç tərəfdən Azərbaycan ordusunun əhatəsində qalıb.
Elxan SALAHOV