09.06.2025, 11:12
AZ EN
01.12.2022, 11:28 506

Fransa Milli Assamleyasının qərarı xristian təəssübkeşliyindən irəli gəlir

XƏBƏRLƏR
  • Fransanın Azərbaycana qarşı qərəzi bitmək bilmir. Fransa milli assambleyasının aşağı palatası “Azərbaycan Ermənistana qarşı təcavüzü dayandırmalıdır”-deyə qətnamə qəbul edib. Bu isə növbəti anti-Azərbaycan məkrli siyasəti və eyni zamanda  ermənipərəst Fransanın Azərbayсanın İkinci Qarabağ müharibəsində qələbəsindən sonra atdığı növbəti riyakar addımıdır.  

Milli Məclisin deputatı Ceyhun Məmmədov məsələyə münasibət bildirərkən deyib: “Fransa Milli Assambleyasının Azərbaycan əleyhinə qətnamə qəbul etməsi bu ölkənin Azərbaycana qarşı ədalətsiz münasibətinin, qərəzli yanaşmasının, beynəlxalq hüquqa hörmətsizliyinin növbəti təzahürüdür.

Fransa eyni münasibəti və qərəzi Vətən müharibəsi dövründə də Azərbaycana qarşı göstərmişdi. Son proseslər bir daha göstərdi ki, bir Fransız siyasətçinin dediyi kimi Makron fransızların deyil, Fransada yaşayan ermənilərin prezidentidir. Makronun bu qətnamənin qəbul edilməsinə ciddi cəhdlə canfəşanlıq etməsi bunu bir daha təsdiq edir. Bu eyni zamanda, Makronun Fransa erməniləri qarşısında hansısa öhdəliyinin olmasından xəbər verir”.

C.Məmmədov sonra xatırladıb ki, bu zaman belə bir sual yaranır. Əgər Fransa bu qədər haqqın və ədalətin yanındadırsa 30 ilə yaxın dövrdə Azərbaycan torpaqları işğalda olarkən, Azərbaycanlılara qarşı Xocalı soyqırımı törədilərkən, bütün ərazilərimiz ermənilər tərəfindən viran qoyularkən, 67 məscidimiz barbarcasına dağıdılarkən, Qarabağda yeganə pravoslav kilsəsi dağıdılarkən, Alban abidələri saxtalaşdırılarkən və uçurularkən niyə Fransa Milli Assambleyası bu məsələlərə heç bir münasibət bildirmədi? Demək ki, ortada açıq-aydın qərəz və xristian təəssübkeşliyi  var.

Deputat əlavə edib ki, Vətən müharibəsində qələbədən sonra Ermənistan və erməni xalqı üçün regionun əsas aparıcı və güclü dövlətlərindən olan Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün yeni imkan və fürsətlər yaranmışdı. Ermənistan yenə bu imkanlardan yararlana bilmədi və düşmənçilik yolunu seçdi.

Bu gün bölgəmizin və dünyamızın daha çox sülhə və təhlükəsizliyə ehtiyacı var. Son addımlar göstərir ki, bir sıra dövlətlər bölgədə sülhün bərqərar olmasında deyil, qeyri-sabitlik və qarşıdurmada maraqlıdırlar. 

Əgər Fransa və ya Ermənistanın digər hansısa havadarı düşünürsə ki, bu cür qətnamələrlə Azərbaycanın haqlı mövqeyinə təsir edə bilər, yanılır. Azərbaycan xalqının və Müzəffər Ali Baş Komandan İlham Əliyevin mövqeyi prinsipial və qətiyyətlidir. Belə qətnamələrin qəbulundan ən çox əziyyət çəkən isə yenə Ermənistan və erməni xalqı olacaq.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər