03.04.2026, 12:52
AZ EN
03.04.2026, 08:34 225

Tural Gəncəliyev: "Orta Dəhlizin və Trans-Xəzər marşrutunun inkişafı TDT-nin strateji əhəmiyyətini daha da artırır"

YAZILAR
  • Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrinin Bakıda keçirilən Hökumət başçıları/Vitse-prezidentinin ikinci görüşü təşkilatın yeni mərhələyə keçidini nümayiş etdirən mühüm hadisə kimi qiymətləndirilir.

Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev bildirib.

Onun sözlərinə görə, TDT hazırda dünyanın geosiyasi təlatümlər yaşadığı bir dövrdə yeni beynəlxalq təşkilat və konkret olaraq yeni bir güc mərkəzi kimi meydana çıxır. Türk Dövlətləri Təşkilatı yaranarkən daha çox humanitar, mədəni və vahid Türk dünyası ideyaları ön planda idi. Lakin hazırda dünyada baş verən proseslər göstərir ki, təşkilat artıq humanitar, iqtisadi və mədəni mərhələdən növbəti səviyyəyə keçərək iqtisadi, ticari, siyasi və hərbi komponentləri özündə birləşdirən yeni bir güc mərkəzi kimi formalaşmaq yolundadır və bu istiqamətdə addımlar atmalıdır.

T.Gəncəliyev vurğulayıb ki, hazırda dünyada baş verən proseslər beynəlxalq münasibətlər sistemində ciddi boşluqların olduğunu göstərir. Beynəlxalq hüquq tam şəkildə işləmir, beynəlxalq təşkilatlar bir çox hallarda funksional deyil. BMT Təhlükəsizlik Şurasının müvafiq qərarları və sanksiyaları olmadan müharibələrin başlanması faktı bunu açıq şəkildə nümayiş etdirir. Bu isə sülh və təhlükəsizlik məsələlərinin ciddi risk altında olduğunu göstərir.

“Məhz bu şəraitdə Türk Dövlətləri Təşkilatının rolu daha da artır və Bakıda keçirilən görüş, eləcə də Azərbaycanın sədrliyi dövrü təşkilata yeni impuls verəcək. Azərbaycan artıq bir sıra beynəlxalq platformalarda uğurlu sədrliyi ilə seçilib. Qoşulmama Hərəkatına sədrliyi, ölkəmizdə keçirilən COP tədbirləri və digər qlobal təşəbbüslər göstərir ki, Azərbaycan beynəlxalq təşkilatların idarə olunmasında ciddi təcrübəyə malikdir. Bu təcrübə TDT-nin inkişafına da mühüm töhfə verəcək. Azərbaycan Türk Dövlətləri Təşkilatının mühüm mərkəzlərindən biridir və təşkilatın “ürəyi” kimi çıxış edir. TDT-nin nəbzinin Azərbaycanda vurması təsadüfi deyil. Azərbaycan həm coğrafi mövqeyi, həm də həyata keçirdiyi beynəlxalq layihələrlə təşkilat daxilində inteqrasiyanın gücləndirilməsində əsas rol oynayır”, - deyə deputat bildirib.

O qeyd edib ki, Orta Dəhliz və Trans-Xəzər marşrutunun inkişafı, eləcə də Cənubi Qafqaz və Mərkəzi Asiya arasında əlaqələrin gücləndirilməsi TDT-nin strateji əhəmiyyətini daha da artırır. Azərbaycanın Mərkəzi Asiya ilə inteqrasiyası və vahid coğrafiya kimi çıxış etməsi artıq yeni mərhələnin başlanğıcıdır.

T.Gəncəliyev bildirib ki, TDT-nin coğrafiyası Uzaq Şərqdən Mərkəzi Avropaya qədər uzanır və Avrasiyanın əsas hissəsini təşkil edir. Şimalda Rusiya-Ukrayna müharibəsi, cənubda İran ətrafında baş verən proseslər göstərir ki, bu coğrafiyada yerləşən dövlətlərin vahid mövqedən çıxış etməsi, xüsusilə siyasi və təhlükəsizlik məsələlərində koordinasiyanı gücləndirməsi artıq zərurətə çevrilib.

“Türk Dövlətləri Təşkilatı heç bir dövlətə qarşı yönəlmiş platforma deyil. Əksinə, bu təşkilat regionda və bütövlükdə Avrasiya məkanında sabitliyin, təhlükəsizliyin və iqtisadi inkişafın təmin olunmasına xidmət edir. Təşkilatın keçdiyi inkişaf yolu Naxçıvan sammitindən başlayaraq Qəbələ görüşünə və Bakıda keçirilən son iclasa qədər olan mərhələ TDT-nin transformasiyasının ardıcıl və məqsədyönlü xarakter daşıdığını göstərir. Türk dünyasının geniş coğrafiyası, zəngin enerji resursları, strateji nəqliyyat dəhlizləri və mühüm mineral ehtiyatları təşkilatın potensialını daha da artırır. 250-300 milyonluq əhali və sürətlə artan demoqrafik dinamika da bu potensialı gücləndirən əsas amillərdəndir”, - deyə Tural Gəncəliyev əlavə edib.

O, sonda vurğulayıb ki, Türk Dövlətləri Təşkilatı yaxın illərdə bütün əsas komponentləri - iqtisadi, siyasi və digər sahələri birləşdirən güclü beynəlxalq təşkilata çevrilmək potensialına malikdir. Bu təşkilat gələcəkdə öz təsir gücünə və imkanlarına görə digər beynəlxalq qurumlarla müqayisədə daha yüksək səviyyədə inkişaf etmiş platforma kimi çıxış edə bilər. (AZƏRTAC)

Oxşar xəbərlər