03.04.2026, 16:22
AZ EN
03.04.2026, 14:28 105

Ağdamda infrastrukturların qurulması yekunlaşır

QARABAĞ
  • “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində şəhərsalma, infrastruktur, yaşayış binaları və sənaye parklarının inşası prioritet təşkil edir. 2021-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə təməli qoyulan Bərdə-Ağdam avtomobil yolu Qarabağ və Şərqi Zəngəzurun bir-biri ilə əlaqəsini təmin edən kommunikasiya xətti kimi mühüm strateji əhəmiyyət daşıyır. Uzunluğu 44,5 kilometr olan dörd zolaqlı yol 2023-cü ilin dekabrında istifadəyə verilib. Əsaslı şəkildə yenidən qurulan və ümumi uzunluğu 47,1 kilometr olan Bərdə-Ağdam dəmir yolu isə ötən ilin mayından sərnişin və yükdaşıma xidmətlərinin istifadəsindədir.

2022-2026-cı illəri əhatə edən Dövlət Proqramında həmin ərazilərdə yeni yollar, yaşayış məhəllələri və sosial obyektlər tikilir, sənaye potensialı bərpa olunur.  Ağdam şəhərinin baş planına uyğun olaraq çoxmənzilli binalar, fərdi evlər, məktəblər və xəstəxanalar inşa edilir, elektrik, su və rabitə xətləri çəkilir. Bütün bunlar 30 ilə yaxın işğal altında qalan və tamamilə yenidən qurulan doğma yurdunda məskunlaşacaq əhalinin rahat və müasir yaşayış şəraiti ilə təminatına xidmət edir.

İndi əminliklə demək olar ki, Ağdam şəhəri hazırda mövcud olduğu tarixin quruculuq və inkişaf dövrünü yaşayır, Qarabağın ən böyük sənaye və yaşayış mərkəzlərindən birinə çevrilməkdədir. Təsadüfi deyil ki, Ağdam Sənaye Parkı bölgədə iqtisadi fəallığı artırmaq üçün geniş sənaye zonası qurulur. Bu isə regionun iqtisadi potensialından daha səmərəli istifadəsinə geniş imkan yaradır.

Hazırda Ağdamda həm rayon mərkəzinin, həm də kəndlərin bərpası istiqamətində irimiqyaslı layihələr həyata keçirilir. Artıq rayon mərkəzində və bir neçə iri yaşayış məntəqələrində nəqliyyat və sosial xidmət infrasrukturlarının qurulması başa çatmaq üzrədir. Gələn ildən isə daha bir neçə kənddə yeni infrasruktur layihələrinin icrasına başlanacağı gözlənilir.

Ağdam şəhəri ilə yanaşı 2024-2026-cı illər ərzində rayonda ümumilikdə 9690-dan çox mənzilin və fərdi evin tikilməsi nəzərdə tutulub. "Ağıllı kənd" konsepsiyası əsasında yenidən qurulan iri yaşayış məntəqələrindən biri - Baş Qərvəndin layihələndirilməsi slovakiyalı mütəxəssislər tərəfindən həyata keçirilib. Azərbaycan dövlətinin vəsaiti hesabına reallaşdırılan bu layihədə bəzi texnoloji yeniliklər də nəzədə tutulub. Ümumi ərazisi 476 hektar olan kənddə birinci mərhələdə 5500, ikinci mərhələdə isə 1170 nəfərin köçürülməsi planlaşdırılır. Kəndə əvvəlcə 915, növbəti mərhələdə isə 622 ailə köçürülməsi nəzərdə tutulur.

Röya SALMANQIZI

 

Oxşar xəbərlər