Şərqi Zəngəzur Regional Təhsil İdarəsindən bölgə müxbirinə verilən məlumata görə, tədbirdə idarənin müdiri Fuad Bədəlov, Cəbrayıl Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşı Anar Əkbərov, idarə əməkdaşları, bağçanın kollektivi, valideynlər və qonaqlar iştirak ediblər.
Tədbirdə Şərqi Zəngəzur RTİ-nin müdiri Fuad Bədəlov çıxış edərək məktəbəqədər təhsil müəssisəsinin fəaliyyətə başlaması münasibətilə valideynləri və təhsil işçilərini təbrik edib, onlara uğurlar arzulayıb. Daha sonra çıxış edənlər bildiriblər ki, yeni təhsil müəssisələrinin fəaliyyətə başlaması bu torpaqlara qayıdan həyatın ən parlaq simvoludur.
Sonra tədbir iştirakçıları bağçada yaradılmış şəraitlə tanış olublar.
Qeyd edək ki, Cəbrayıl rayonu Horovlu kənd körpələr evi-uşaq bağçası Şərqi Zəngəzur Regional Təhsil İdarəsi üzrə işğaldan azad olunmuş torpaqlarda fəaliyyətə başlayan 6-cı məktəbəqədər təhsil müəssisəsidir. (AZƏRTAC)