03.04.2026, 18:20
AZ EN
03.04.2026, 16:32 205

Azərbaycan mina problemi olan ölkələrin siyahısında ilk onluqdadır

XƏBƏRLƏR
  • Azərbaycan dünyada mina problemi olan ölkələrin siyahısında ilk onluqdadır.

Bunu Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) yanında İctimai şuranın sədri Umud Mirzəyev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, dünyanın müxtəlif ölkələrində bu əlamətdar gün münasibətilə mina təhlükəsinə diqqətin artırılması və maarifləndirmə məqsədilə qlobal aksiyalar keçirilir:

"Hesablamalara görə, ölkə ərazisində 1 milyon 500 mindən artıq mina mövcuddur. Bu isə Böyük Qayıdış proqramının icrasını, keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz dönüşünü, həmçinin yeni yaşayış məntəqələrinin və infrastruktur layihələrinin icrasını əhəmiyyətli dərəcədə çətinləşdirir".

U.Mirzəyev qeyd edib ki, mina problemi yalnız siyasi məsələ deyil, ilk növbədə bəşəri və humanitar məsələdir:

"Bu, insan həyatı, təhlükəsizlik və gələcək nəsillərin rifahı ilə bağlı qlobal çağırışdır. Müharibə başa çatsa belə, minalar onilliklər boyu insanların həyatını təhlükə altında saxlayır. BMT də bu təhlükəni qlobal humanitar məsələ kimi qiymətləndirir. Bu səbəbdən, problemin həllində dünya ictimaiyyəti vahid mövqe nümayiş etdirməli, beynəlxalq təşkilatlar, donor qurumlar və insan hüquqları təsisatları bu istiqamətdə həmrəylik göstərməlidirlər".

Şura üzvü İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanda təxminən 260 min hektar ərazinin minalardan təmizləndiyini vurğulayıb: "Bu, mühüm nəticə olsa da, ümumi çirklənmiş ərazilərin həcmi nəzərə alınarsa, qarşıda görüləsi işlərin hələ çox olduğu aydındır".

Xatırladaq ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) qərarına əsasən, hər il 4 aprel tarixi Beynəlxalq Mina Maarifləndirmə və Mina Fəaliyyətinə Yardım Günü kimi qeyd olunur. (Report)

Oxşar xəbərlər