22.09.2024, 06:06
AZ EN
09.01.2023, 14:44 350

Qərbi Azərbaycana qayıdacağıq!

XƏBƏRLƏR
  • Ötən ilin sonlarında ölkə başçısı İlham Əliyevin Qərbi Azərbaycan İcmasının inzibati binasında Qərbi Azərbaycan ziyalıları ilə görüşü tarixi bir hadisəyə çevrildi. Bütün ictimaiyyət, xüsusilə də, Qərbi azərbaycanlılar doğma ata-baba torpaqlarımıza tezliklə qayıdacağımız xəbərini böyük sevinc və fərəh hissi ilə qarşıladılar. Qərbi Azərbaycanın Zəngəzur mahalının Qarakilsə rayonunun Şəki kəndində doğulmuş, Qərbi Azərbaycan İcması İdarə heyətinin və Qadınlar Şurasının üzvü, şair-publisist Azadə Novruzova da ölkə başçısının çıxışından sonra öz təssüratlarını “525-ci qəzet”də oxucularla paylaşıb. Azadə xanım yazır ki, ölkə başçısı İlham Əliyevin Qərbi Azərbaycan ziyalıları ilə görüşü məni çox mütəəssir etdi. 

44 günlük Zəfər salnaməsindən sonra  üzümüzə daha çox xoş xəbərli sabahlar açılır. Bu sabah da belə oldu. Xəbər lentlərində, sosial şəbəkələrdə Qərbi Azərbaycan mövzusu gündəmdə idi. 200 illik tariximizin qalib sərkərdəsi, Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyev öz doğum günündə Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə İcmanın yeni binasında görüşdü. Xəbər başlıqlarına cənab Prezidentin çıxışında səsləndirdiyi mühüm məqamlar çıxarıldı. Bir xəbər başlığı ürəyimdə qızılgül kimi açdı. “Qərbi Azərbaycan bizim tarixi torpaqlarımızdır”. 34 illik Vətən həsrətli qubarlı könlümə su səpildi, nəfəsim genəldi... Elə bil kürəyimdəki bir ağır yük yoxa çıxdı. Quş kimi yüngülləşdim. Çünki bu fikir qalib ordunun, Müzəffər Ali Baş Komandanın dilindən çox cəsarətlə səsləndi. Səslənən fikir hadisənin mahiyyətini bütövlükdə öz çılpaqlığı ilə ortaya qoydu. Bu cümlə tutarlı tarixi faktlara və  arxiv sənədlərinə söykənərək öz çəkisini sözün bütün mənalarında çox ağırlaşdırdı. Tarixi həqiqət ifadə edilmişdi. Bu da hər kəsə bəllidir ki, həqiqət  gec-tez öz yerini tutur. Qərbi Azərbaycanlılar dəfələrlə imperiya siyasətinin qurbanları olmuş, XX əsrdə 1918-20-ci, 1948-1953-çü, 1988-1991-ci illərdə məcburən öz doğulduğu, Ana Vətənindən, dədəsinin-babasının əzəl yurdundan didərgin salınıblar. Bu görüş və orada cənab Prezidentin səsləndirdiyi bütün fikirlər o qədim türk yurduna dünyanın dörd bir tərəfindən toplanılan və nəticədə Azərbaycan dövlətinin ərazisində yaradılmış Ermənistan dövləti başçılarının və bu qondarma dövləti quranların fitnə-fəsadının nəticəsində hərəsi bir tərəfə ələn-culan  olmuş, Qərbi Azərbaycan kökənlilərin  könüllərinin gözünü güldürdü, qəddlərini dikəltdi. Əlinin zəhməti, dişi-dırnağı ilə tikdiyi öz doğma evinə (dağıdılımış, uçuq olsa belə) qayıtmaq ümidini çöxaltdı, inamını artırdı. Cənab Prezidentin söylədiyi “Biz öz tarixi torpaqlarımıza mütləq geri qayıdacayıq” mesaji yəqini mütləq etdi. 

Azadə xanım burada bir haşiyə çıxır: 1948-1953-cü illər deportasiyasının qurbanı olmuş bir həmvətənlimizlə öz uşaqlıq xatirəsini bölüşmüşdük. Deyirdi ki, atam-babam Vedibasardan məcburən Azərbaycanın Aran zonasına köçürülmüşdü. İnanın səmimiyyətimə, dağ adamının aranda nə çəkdiyini dilə gətirməsi, onu yenidən yaşamaq qədər iztirablıdır, bir özgə zülümdür. İlan mələyən çöllərdə, lilli su... elə bu ikicə fakt anlayana bəs edər ki, bizim nə çəkdiyimizi anlasın. Ömrünün çoxu gedib, azı qalan ahıllar, körpə südəmər uşaqlar, qaragünlü qadınlar... Hansı məşəqqətlərlə üzləşiblər, bunları gözümüzün önünə gətirsək, düşünsək ürək tab eləməz... Görün yaşasaq, çəksək nə olar... 

Əzizinəm Vətəndə,
Güllər əkdim Vətəndə.
Qərib, didərgin oldum,
Dərdim güllər Vətəndə.

Vətən dərdi ovunmazd qürbətdə.  Bu dərdin dərmanı yalnız  Vətəndir, Vətəndir, Vətəndir!
Haşiyə işində haşiyə çıxdım, yazır Azadə xanım: Həmvətənlimizin xatirəsinə gəlirəm. Söyləyir ki, ara bir az səngiyən kimi, 60-cı illərdə hər yay yığışıb gəlirdik Vediyə. Evimizi uçurub-dağıtmışdılar. Quruca yurd yeri qalmışdı. Xalça-palazı göy otun üstünə sərib, döşəkcələri, mütəkkələri düzüb, samovarı odlayıb, on-on beş gün gözümüzün qurdunu beləcə öldürərdik. Vətənə gəldik, Vətəndən qayıtdıq bu təəssürat bizə bəs idi ki, üzümüzə gələn ili qürbətdə birtəhər başa vuraq. Vətənin havası ilə nəfəs almaq, o nəfəsi duymaq, o havanı ciyərlərinə çəkmək ayrı cür olur... necə deyim, necə yazım  heç özüm də bilmirəm.

Qaçqınlığın, didərginliyin acısını, ağrısını kürəyinə əziz balan kimi şəlləyib, gəzib-dolaşmaq çox çətindir. Bu yükü yorulanda, daralanda, Vətən kəlməsi dilinin ucunu qabar edəndə, qəhərini, göz yaşını əlacsız qalıb sözün bələyinə bükəndə, bayatı qoşanda, ümid göyə çəkiləndə, üzünü Allahın dərgahına tutub, İlahi məni quş et, məni küləyə döndər gedib Vətəni dolanım gəlim, deyib haray çəkəndə də açıb yerə qoymaq olmaz! Bu yük çiyinlərində Vətəni qiblə seçib, dünyadan köçənlərimiz son vəsiyyətlərində - torpağımdan bir ovuc Vətən torpağına qatarsınız, bəlkə o zaman gorumuz çatlamaz deyiblər... 

Füsunkar təbiət gözəllikləri olan Zəngəzurda doğulduğum, 34 ildir ki, bu əsrarəngiz gözəllikləri görməkdən, duymaqdan məcburən məhrum edildiyimdən Ali Baş Komandanın Zəngəzurla bağlı hər dəfə səsləndirdiyi Vətənimə qayıtmağa böyük inam doğuran fikirləri sözlə ifadə etməyə aciz qaldığım mübhəm hisslərlə sevindirir qəlbimi. Məni qınamayın, ümid üzüləndə quru çöpdən yapışmışıq bu uzun illərdə. Özümüz özümüzə təsəlli axtarmışıq. Çəkib deyirəm, bilin! Vətənin quru adı səslənəndə adamın ürəyi dağa dönür.

Unutmaq itirdiyinin hamısıdır! Yada salmaq, xatırlatmaq geri almağın çoxudur!

Artıq o ümidsizləşdiyimiz günləri geridə qoydu Müzəffər Ali Baş Komandan.     
Vətənin ətri heç nə ilə əvəzolunmazdır. Vətən daşının çırtdağının belə həsrətin çəkmişəm... Keşkə ayağıma dəyəydi... Ufuldada-ufuldada gözümün yaşını tökərdi... Keşkə... Keşkə... Keşkə səhər-səhər bağçamızda Günəş şüaları altında işım-işım alışıb yanan qaymaq çiçəyinin bircəciyini şehli-şehli dərərdim... Keşkə uşaqlığımın sanki daşa həkk olunmuş ən qiymətli varım-dövlətim saydığım əziz xatirələrini bu 34 ildə milyon dəfə təkrar-təkrar xəyalımda canlandırdıqlarımı Güllübulaqda, Gözədə, Şəki Şəlaləsində, Fərməş təpədə, Örəncədə, Dəvəöləndə, Çınqıllıda, Qızıl Qayada, Qoşundaşda yada salmaq nəsibim olardı demişəm, ay Allah! Vətən deyib, canım yananda tüstümü bir mən, bir də Yaradanım görüb. Saatlarla qulağımı əsən yelə tutub durmuşam. Bəlkə Şəkimin nəfəsini çəkər gətirər... elə gün olub ki, gücüm sözə çatdığından sözün də taqətin kəsmişəm. Quşlardan pay ummuşam. Gözüm yerlərdə gəzib bu 34 ildə...  Birdən dimdiklərindən bir Vətən çöpü salarlar... Görən kimi tanıyaram kəfşənimizin çörün-çöpün. Quş dimdiyindən ovcuma düşəcək bir sarı buğda arzulamışam. Dönə-dönə o dəni göyərtməyi  keçirmişəm ürəyimdən. Dama-dama göl olar deyiblər axı... demə arzular da göllənirmiş. Sonra da “Sona arzular” göllərdə üzərmiş... bir gün isə sözə düzülərmiş. Tanrıya yolladığım dualarım, müstəcəb ol!

Tutqun havalarda, yağışlı-çisginli günlərdə lap kövrəlmişəm. Burnumun ucu göynəyib... yanıb-yanıb bir ovuc toz olmuşam. İlahi, məni sulara qat, torpağıma qovuşdur! Nidalarım coxdan, cox olub! Ey dünya, biz torpaq acı deyilik. Gözümüz özümüzdədir, toxuq biz! Gəvəzə, boşboğazlardan bizi uzaq tut! Yurdumuza qovuşdur, sönən ocağımızı yandıraq, soyuq evimizi isidək, uçuğumuzu-söküyümüzü tikək, İlahi!

Dilə gətirmədiyim o qədər arzularım var... Hamısı Vətəndə, Vətəndə, Vətəndə çin olacaq! Hamısı gülqədəm olacaq, arzularım! Bəli bu inamım Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin “Gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Qərbi Azərbaycanda da biz belə gözəl məclis keçirəcəyik və bu günü xatırlayacağıq” nidasından doğur.

Tanrı yolunuzu ağ etsin, cənab Prezident! Əmin olduq, evimizə gedəcəyik!        

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər