Azərbaycanın ən çox faciə yaşayan kəndlərindən olan Qaradağlı kəndi Xocavənd rayonunun kəndidir. Bu insanlar erməni vəhşiliyinin hər üzünü görmüşdür. Məhz buna görə bu kəndin bütün adamları düşmənə qarşı daha amansız mövqe göstərirdilər. 15 may 1996-cı ildə doğma torpaqlarından didərgin düşmüş bir ailədə dünyaya gəlmiş Ülvi Ələsgər oğlu Əşrəfli də bu ruhda böyümüşdür. O, Füzuli rayon, 44 saylı tam orta məktəbdə oxumuşdur. Orta təhsildən sonra həqiqi hərbi xidmətə çağırılmış, Quru Qoşunlarında xidmət etmişdir. Hərbi xidmətdən sonra MAHHXHQ kimi xidmətini davam etdirmişdir. Vətən müharibəsində Cəbrayıl, Füzuli, Zəngilan istiqamətində döyüşüb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə o, "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Cəsur döyüşçü" medalları ilə təltif olunmuşdur. Ailəlidir, III dərəcəli əlildir.
İsa Musayev