23.12.2024, 03:50
AZ EN
19.07.2023, 10:24 330

Orxan bir möcüzə idi

XƏBƏRLƏR
  • Orxan Xancan oğlu Lətifli 1996-cı il iyulun 19-da İsmayıllı rayonunun Diyallı kəndində anadan olub. 2013-cü ildə şəhid Aqil Məmmədov adına Diyallı kənd tam orta məktəbini əla qiymətlərlə bitirib. 2014- cü ildə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinə daxil olub. Burada bir il təhsil aldıqdan sonra Ağdamın Yusifcanlı kəndinə hərbi xidmətə yollanıb. Hərbi xidməti dövründə komandirləri tərəfindən fəxri fərmanlara layiq görülüb.

2020-ci ilin iyulunda baş verən Tovuz döyüşləri Orxana çox təsir edib. Anasına deyib ki, kaş Ali Baş Komandanımız müharibə ilə bağlı fərman imzalayaydı. Biz də gedib erməni kafirlərinin cavabını verəydik. Buna görə də 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinə Orxan könüllü olaraq yollandı. Anasının dediyi kimi, öz işini yaxşı bilən bacarıqlı tələbə, mərd əsgər Orxan Lətifli Füzuli, Xocavənd və Şuşa uğunda savaşlarda düşmənə qarşı amansızlıqla vuruşdu. O, harada olursa olsun ətrafına işıq saçan insanlardan olduğu üçün müharibədə, o çətin anlarda döyüş yoldaşlarına da çox həssaslıqla yanaşır və yaralılara kömək edirdi.    

 Orxan Lətifli noyabrın 7-də Şuşa uğrunda gedən savaşlarda qəhrəmancasına şəhadətə ucaldı.

Şəhidimiz noyabrın 11-də böyük izdiham və ehtiramla doğma İsmayıllı rayonunda torpağa tapşırıldı.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Orxan Lətifli ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "İgidliyə görə" medalları ilə təltif edilib.
Anası deyir ki, Orxan orta məktəbi də yaxşı oxuyub. “Onun bir müəllimi vardı, Knyaz müəllim kimyadan dərs deyirdi. O deyirdi ki, siz nə qədər  ağıllı, hərtərəfli uşaq böyütmüsünüz... İyulda baş verən Tovuz hadisələri  ona pis təsir elədi. Müharibə istəyirdi, düşmənə cavab vermək arzusundaydı. Dedim bala, müharibə ölümdü. Dedi, onsuz da insan bir gün ölməlidir. Sentyabrın 29-da gedib könüllü orduya yazıldı. Elə getdi ki, heç onu yaxından görə, qucaqlaya da bilmədim… Döyüşçü yoldaşı deyir ki, Orxan bir möcüzə idi. Onun şəhid olduğuna inanmadım… Orxanın yaralı olduğunu bizə demişdilər. Səhər qapını açanda gördüm həyət insanla doludu. Bildim ki, balam şəhid olub. Dedilər üzünə baxa bilərsən. Amma baxa bilmədim...”

Anasının ciyərparası, doğmalarının qəlbində ən əziz ada, ünvana çevrilən Orxan Lətifli bu gün bütün Azərbaycanın fəxri, Zəfər tarixini yazanlardan biri kimi qəhrəman şəhiddir.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər