Bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İcraçı direktorun müavini Səbuhi Abdullayev Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən panel müzakirəsində deyib.
“Məhz buna görə planlaşdırılan işlərə Tuğ ərazisində mövcud tarixi bulaqların bərpası, küçə boyunca hasar və tikililərin təmiri də daxil edilib”, - deyə S.Abdullayev əlavə edib.
O bildirib ki, Tuğ kəndində ilkin fazada 30 fərdi yaşayış evi, 360 yerlik məktəb binası, 50 yerlik uşaq bağçası bərpa ediləcək: “Yenidənqurma işləri aparıldıqdan sonra bir sıra mövcud binalar yeni təyinatla - hotel, mədəniyyət mərkəzi, aptek olaraq istifadə ediləcək. Hadrut qəsəbəsində də bərpa prosesinə aid işlər davam etdirilir və hazırda qəsəbədə söküntü və şaquli planlaşdırma işləri icra edilir. Ümumilikdə Hadrut qəsəbəsində 11 yaşayış binasının bərpası və tikintisi nəzərdə tutulur”.
O qeyd edib ki, həmçinin 4 ədəd 2 mərtəbəli, 4 mənzilli yeni yaşayış binasının tikintisi nəzərdə tutulur ki, hazırda onların layihələndirilməsi aparılır: “1 ədəd 1 mərtəbəli Poçt və rabitə binasının təmir edilərək müasir səviyyədə yenidən qurulması planlaşdırılıb. Bundan əlavə 1 ədəd 2 mərtəbəli market və restoran binasının, eləcə də 1 ədəd 3 mərtəbəli otel binasının təmir edilərək müasir üslubda bərpa olunması nəzərdə tutulub”.
“Hazırda Hadrut qəsəbəsində həyata keçiriləcək bərpa-tikinti işlərinin layihələndirilməsi aparılır. Qəsəbədə istirahət sahələrinin, meydanın, çay bağçasının, açıq sərgi sahəsinin, uşaq oyun meydançalarının, kitabxananın, meşə yolunun, 64 yerlik avtomobil dayanacağın və s. yaradılması nəzərdə tutulub”, - deyə S. Abdullayev bildirib. (APA)