08.09.2024, 04:04
AZ EN
26.07.2024, 17:29 172

Ağdərə və Tərtər sakinlərinin kardioloji müayinələri aparılıb

QARABAĞ
  • İşğaldan azad olunan ərazilərə “Böyük Qayıdış” Proqramı çərçivəsində Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunun (ETKİ) tibb heyəti tərəfindən Ağdərə və Tərtər rayonlarında əhali üçün ikigünlük kardioloji müayinələr aparılıb. Tədbirin əsas məqsədi vətəndaşlarda ürək-damar sistemi xəstəliklərinin qarşısının alınması, miokard infarktı riskinin erkən aşkarlanması və müvafiq müalicələrin təyin edilməsidir.

İyulun 25-də Ağdərə rayonunun Suqovuşan qəsəbəsində və Talış kəndində tibbi müayinələr təşkil olunub. Tibbi müayinələr iyulun 26-da Tərtər Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Tərtər şəhərində şəhid və qazi ailələri üçün davam etdirilib.

Aksiya zamanı ETKİ-nin kardioloqları, tibb bacısı və laboratoriya üzrə mütəxəssislərindən ibarət briqadası tərəfindən əhaliyə tibbi baxış aparılıb, ExoKQ, EKQ müayinələri keçirilib. Eyni zamanda, qanda şəkər, ekspres üsul ilə xolesterinin səviyyəsi müəyyən edilib. Bundan əlavə, müayinələr zamanı səhhətində problem aşkarlanan sakinlərə peşəkar tibbi məsləhətlər verilib və müvafiq müalicələr təyin olunub. Ümumilikdə, iki günlük tibbi aksiya zamanı 200-ə yaxın vətəndaş müayinə olunub.

Aksiya çərçivəsində əhali üçün maarifləndirmə işləri də aparılıb. Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova ürək-damar xəstəlikləri müasir tibbin ən aktual məsələlərindən biri olduğunu diqqətə çatdırıb. ETKİ-nin direktorunun sözlərinə görə, ürək xəstəliyi və insult üçün ən əhəmiyyətli davranış risk faktorlarına qeyri-sağlam qidalanma, fiziki aktivlik səviyyəsinin aşağı olması, siqaret və alkoqol kimi zərərli vərdişlər aiddir.

G.Dadaşova bildirib ki, Ağdərə rayonunun Suqovuşan qəsəbəsində və Talış kəndinə keçirilən aksiya zamanı kardioloji müayinə ilə yanaşı, əhaliyə ürək-damar xəstəlikləri barədə məlumatlar verilib, xəstəliklərdən qorunmaq üçün tövsiyələr edilib. Xəstələrin hemodinamikasına nəzarət olunub, qan təzyiqi, nəbzi yoxlanıb, ExoKQ, EKQ və digər tibbi müayinələr aparılıb. İşğaldan azad olunan ərazilərə “Böyük Qayıdış” Proqramı çərçivəsində Elmi Tədqiqat İnstitutu tərəfindən tibbi aksiyalar mütəmadi olaraq davam etdiriləcək.

“Bu proqram çərçivəsində biz əhalinin kardioloji qeydiyyatını aparmağı düşünürük. Ağdərə rayonunun Talış kəndində və Suqovuşan qəsəbəsində həm əhalinin demoqrafik parametrləri, həm sağlamlıq durumları, yaş faktorları barədə məlumatlar bu qeydiyyatda sistematik olaraq öz əksini tapacaq. İşğaldan azad olunan torpaqlarda olmaq bizim üçün olduqca xoşdur. Burada olduğumuz, belə bir aksiya keçirdiyimiz üçün Prezident İlham Əliyevə minnətdarlığımızı bildirirəm”, – deyə Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru bildirib.

Tibbi aksiya sakinlər tərəfindən razılıqla qarşılanıb. Tibbi müayinədən keçən vətəndaşlar onların sağlamlıqlarına, rastlaşdıqları problemlərə həssaslıqla yanaşıldığına, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. (AZƏRTAC)

Oxşar xəbərlər