19.04.2025, 12:24
AZ EN
31.05.2024, 16:04 253

“China Daily” qəzeti Zəngilanda keçirilən mina təhlükəsi ilə bağlı konfransdan yazır

XƏBƏRLƏR
  • Çinin ingilisdilli “China Daily” qəzeti Zəngilanda “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda keçirilən konfrans haqqında material yayıb.

Çin nüfuzlu nəşri sıx əməkdaşlıq etdiyi AZƏRTAC-da yayımlanmış materiala istinad edərək, ANAMA və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMT İP) birgə təşkilatçılığı ilə təşkil olunmuş 3-cü beynəlxalq humanitar minatəmizləmə konfransın Azərbaycanın üzləşdiyi mina probleminin dünyaya çatdırılması, humanitar minatəmizləmə sahəsində beynəlxalq tərəfdaşlığın gücləndirilməsi, mina və müharibənin digər partlayıcı qalıqları ilə çirklənmənin ətraf mühitə təsirini azaltmaq üçün maliyyə resurslarının səfərbər edilməsi yolları ətrafında müzakirələrin aparılması məqsədi daşıdığını bildirir. Qeyd olunub ki, tədbirdə BMT-nin baş ofisinin rəhbər heyəti, nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri və müxtəlif ölkələrin minatəmizləmə mərkəzlərinin rəsmiləri, habelə diplomatlar daxil olmaqla 75 ölkədən 300-dən çox nümayəndə iştirak edib.

Məqalədə bildirilib ki, Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev dövlət başçısı İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub. Bundan başqa, konfransda çıxış edən ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanovun, BMT Baş katibinin köməkçisi, BMT-nin İnkişaf Proqramının Avropa və Müstəqil Dövlətlər Birliyi üzrə Regional Bürosunun direktoru İvana Jivkoviçin, ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayevin fikirlərinə toxunulub, Azərbaycanın üzləşdiyi mina probleminin təsirinin aradan qaldırılmasına beynəlxalq dəstəyin artırılmasının zəruriliyi vurğulanıb.

Bildirilib ki, konfrans çərçivəsində ANAMA və BMT-nin İnkişaf Proqramı arasında Mina fəaliyyəti ilə əlaqədar Mükəmməllik Mərkəzinin yaradılmasında əməkdaşlığı ehtiva edən niyyət bəyannaməsi imzalanıb.

“China Daily” yazır ki, konfrans iştirakçıları minatəmizləmə prosesini izləyib, Zəngilan məscidində, Ağalı kəndində olublar.

Məqalə ilə ətraflı tanış olmaq üçün bu keçiddən istifadə etmək mümkündür.

Qeyd edək ki, çap versiyası və rəqəmsal platformalar üzrə 300 milyondan çox oxucusu olan nüfuzlu “China Daily” qəzeti təkcə Çində deyil, eləcə də dünyada ingilis dilində nəşr edilən ən populyar qəzetlərdən biridir. Onun xarici ölkələrdəki oxucularının sayı Çindəki oxucularından çoxdur. “China Daily” Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı uğurlar haqqında AZƏRTAC-ın onlarla materialını öz internet səhifəsində yerləşdirib.

Oxşar xəbərlər

SON XƏBƏRLƏR