1950-ci il martın 23-də Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) Konvensiyası qüvvəyə minərək təşkilatın yaranmasını elan etdi. ÜMT-nin təsis ili onun sələfi olan Beynəlxalq Meteorologiya Təşkilatının (İMO) yaradıldığı 1873-cü il hesab olunur. 1951-ci ildə İMO Birləşmiş Millətlər Təşkilatının (BMT) ixtisaslaşmış qurumuna çevrildi və Ümumdünya Meteorologiya Təşkilatı adlandırıldı. O vaxtdan bəri təşkilat meteorologiyanın beynəlxalq mahiyyətini daha dolğun şəkildə əks etdirir. Hazırda 187 dövlət və altı ərazi ÜMT-nin üzvüdür.
ÜMT hava, iqlim və su məsələləri ilə məşğul olur və onun üzvü olan ölkələr uzun illərdir ki, atmosferin, qurunun, dənizlərin, okeanların, çayların vəziyyəti barədə əməliyyat məlumatları mübadiləsi apararaq uğurla əməkdaşlıq edirlər. Bunun əsasında hava proqnozları və təhlükəli hidrometeoroloji hadisələr barədə xəbərdarlıqlar tərtib olunur.
Təşkilat üzvlərinin milli meteorologiya və hidrologiya xidmətləri arasında əməkdaşlığı gücləndirir, meteorologiyanın dövlət meteorologiya xidmətlərində, kənd təsərrüfatında, aviasiyada, gəmiçilikdə, ətraf mühitdə, su aspektlərində və fəlakətlərin azaldılmasında tətbiqini təşviq edir. ÜMT-nin əsas nailiyyətləri arasında dünya miqyasında iqlim tədqiqatı proqramının və Ümumdünya Hava Müşahidəsinin yaradılması var.
ÜMT-nin əsas fəaliyyəti ölkələrə meteoroloji və hidroloji xidmətlərin göstərilməsində dəstək verməkdir. ÜMT digər BMT agentlikləri və milli meteoroloji və hidroloji xidmətləri ilə əməkdaşlıq çərçivəsində bir sıra ətraf mühit konvensiyalarının həyata keçirilməsini dəstəkləyir və hökumətlərə müvafiq məsələlər üzrə məsləhət və qiymətləndirmələrin verilməsində əsas rol oynayır. Həmin fəaliyyətlər davamlı inkişafa və millətlərin rifahına töhfə verir.
Ümumdünya Meteorologiya Günü iqlim dəyişikliyinin potensial təsirləri barədə ictimaiyyətin məlumatlılığını artırmaq üçün qeyd olunur. Sürətli iqlim dəyişikliyi bu gün bəşəriyyətin üzləşdiyi ən ciddi ekoloji problemlərdən biridir. O, təkcə hava şəraitinin dəyişməsində və temperaturun yüksəlib-enməsində özünü göstərmir, həm də daşqınlar, quraqlıqlar, sunamilər və digər dağıdıcı fəlakətlərə səbəb ola bilər.
Son on ildə toplanmış statistikalar göstərir ki, bütün təbii fəlakətlərin 80 faizindən çoxu meteoroloji və ya hidroloji mənşəlidir.
Hər il bir deviz altında qeyd olunan günün mövzusu "Bu günü müşahidə etmək, sabahı qorumaq"dır.
Azərbaycanda hidrometeoroloji müşahidə şəbəkəsi
Azərbaycan 1993-cü ildən Ümumdünya Meteorologiya Təşkilatının Konvensiyasına qoşulub və həmin konvensiyadan irəli gələn bütün tələblərə əməl edərək, mütəmadi olaraq hidrometeoroloji müşahidələr aparır, məlumatların beynəlxalq və regional mübadiləsini təmin edərək, təşkilatın qəbul etdiyi qərarları icra edir.
Azərbaycanda hidrometeoroloji müşahidə şəbəkəsi quruda 84, dənizdə isə 9 stansiyadan təşkil olunub. Son dövrlərdə müasir meteoroloji tələblərə uyğun olaraq insan fəaliyyəti nəticəsində yaranan xətaların minimuma endirilməsi məqsədilə meteoroloji müşahidə şəbəkəsinin çox hissəsi avtomatlaşdırılıb. Belə ki, quruda fəaliyyət göstərən hidrometeoroloji stansiyalardan 51-i, dənizdə olan stansiyalardan isə 4-ü avtomat stansiyalarla əvəz olunub.
Son illər ölkə üzrə avtomatlaşdırılmış meteoroloji stansiyaların sayı 58-ə, hidroloji stansiyaların sayı 40-a, dəniz müşahidə stansiyalarının sayı 6-ya çatdırılıb. Həmçinin Erkən Xəbərdarlıq Sisteminin əsas tərkib hissəsi hesab edilən 3 meteoroloji dopler radar quraşdırılıb və 2 aeroloji zond stansiyasının fəaliyyəti yenidən bərpa edilib. Eyni zamanda, “meteo.az” mobil tətbiqi istifadəyə verilib ki, bununla ölkə ərazisində mövcud və gözlənilən hava şəraiti, temperatur, küləyin sürəti və istiqaməti, atmosfer təzyiqi, rütubət, eyni zamanda, hava xəbərdarlıqları haqqında məlumatlar təqdim olunur.
Hidrometeoroloji proqnozların əsasını ilkin müşahidə məlumatları təşkil edir. Ölkə ərazisini əhatə edən hidrometeoroloji müşahidə şəbəkəsindən gündəlik operativ olaraq hər 3 saatdan bir meteoroloji parametrlər (havanın temperaturu, şeh nöqtəsinin temperaturu, külək, görünüş məsafəsi, rütubətlik, atmosfer təzyiqi, buludluluq, atmosfer hadisələri və s.) üzrə müşahidələr, eyni zamanda, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən stansiyalardan dəniz hidrometeoroloji müşahidələri (dənizin səviyyəsi, dalğalanma rejimi, suyun temperaturu və s) haqqında məlumatlar alınaraq təhlil edildikdən sonra gündəlik icmallarda və proqnozlarda istifadə olunur.
Proqnozların tərtibi zamanı TURKMETCAP sistemindən, riyazi proqnoz modellərindən (NWP), peyk məlumatlarından, sinoptik xəritələrdən və radar məlumatlarından istifadə olunur. Bütün bunlarla yanaşı, ölkə ərazisində Erkən Xəbərdarlıq Sistemi yaradılıb. Bu Sistem vasitəsilə qısamüddətli və ortamüddətli hava proqnozlarına dəqiqləşmə, çox qısamüddətli hava proqnozları (Nowcasting), gözlənilən təhlükəli atmosfer hadisələri barədə xəbərdarlıqlar hazırlanır. (AZƏRTAC)