Təşkilat komitəsinin verdiyi məlumata görə, layihə iki mərhələdən ibarət olub: Bakı və Göyçay şəhərlərində seçim turları və final mərasimi təşkil edilib. Layihənin əsas xüsusiyyəti ondan ibarətdir ki, qərbi azərbaycanlı gənclər öz doğma torpaqları barədə həqiqətləri intellektual oyunlar vasitəsilə öyrəniblər. Bu cür yanaşma gənclərin biliklərinin artırılmasına və mədəniyyətlərini daha dərindən tanımalarına imkan yaradıb.
Layihənin başlıca məqsədi gənclər arasında intellektual oyunlara marağı artırmaq, analitik düşüncənin inkişafına dəstək vermək və gələcək üçün yüksək potensiala malik kadrların yetişdirilməsini təmin etməkdir. Bu məqsəd, həmçinin gənclərin düşünmə bacarıqlarını, strateji təfəkkürünü və komanda işini inkişaf etdirərək onların şəxsiyyət və liderlik xüsusiyyətlərini formalaşdırmağa kömək edir.
Tədbirdə çıxış edən Xəzər İntellektual Gənclər Klubunun sədri Azad Manaflı qeyd edib ki, ölkədə intellektual oyunlar hərəkatı yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkə rəhbərliyinin bu sahəyə göstərdiyi diqqət və qayğı sayəsində hərəkat daha da genişlənməkdədir. 2025-ci il, eyni zamanda, intellektual oyunlar hərəkatının 50 illik yubileyidir. Bu münasibətlə növbəti illərdə genişmiqyaslı layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
Qərbi Azərbaycan İcmasının əməkdaşı Anar İrzaquluyev çıxışında vurğulayıb ki, intellektual oyunlar gənclərin inkişafında əvəzsiz rol oynayır. Gənclərin bu sahəyə olan marağı daima diqqət mərkəzindədir. İcma olaraq, bu əməkdaşlığın davamlı olacağına inandıqlarını bildirib və gələcəkdə birgə layihələrin daha da artırılacağını qeyd edib.
Uzun sürən və gərgin mübarizədən sonra "İravan" komandası Qərbi Azərbaycan İntellekt Festivalının qalibi oldu. "Sehirli çıraq" komandası ikinci, "Qafqaz" komandası isə üçüncü yeri qazandı. Qalib komandalara kubok, medal və xatirə hədiyyələri təqdim edildi. Bu, iştirakçıların əzmkarlığını və intellektual bacarıqlarını göstərən mühüm bir an oldu.
Festivalın yekunları, həmçinin, gənclər arasında intellektual oyunlara olan marağın artırılması və bu sahədəki inkişafın təşviqi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu cür layihələrin davam etdirilməsi, gənclərin təhsil və inkişaf prosesində mühüm rol oynayacaq.
Tahirə AĞAMİRZƏ