Bunu “Praqma” Sosial İnkişafa və Ekologiyanın Qorunmasına Dəstək İctimai Birliyinin sədri Taleh Şahsuvarlı Ermənistanın Arazdəyəndə metallurgiya zavodu inşa etmək istəyinin ekologiyaya vura biləcəyi zərərlə bağlı bildirib.
QHT sədri qeyd edib ki, Azərbaycan dövləti və cəmiyyəti bu təhlükəni dəf etmək üçün bütün mümkün vasitələrdən istifadə etməlidir: “Bu, müasir və gələcək nəsillər qarşısında həm mənəvi borcumuzdur, həm də beynəlxalq hüququn tələbidir. Ermənistan BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiyasına məhəl qoymur. Konvensiyaya görə, digər ölkələrin ərazisinə mənfi ekoloji təsiri olduğu halda, bu cür layihələr qonşu ölkə ilə razılaşdırılmalıdır. Başqa sözlə, Ermənistan Espo Konvensiyasının üzvü olaraq həmin fəaliyyətə başlamazdan öncə layihənin ətraf mühitə təsirinin qiymətləndirilməsi prosedurunda ölkəmizin də iştirakını təmin etməli idi. Ancaq etməyib! Çünki bu zavodun inşası məhz Azərbaycana qarşı ekoloji cinayət layihəsidir. Necə ki, Oxçuçayın məqsədli şəkildə çirkləndirilməsi Azərbaycana qarşı yönəlib, eləcə də Naxçıvan yaxınlığında tikilməsi nəzərdə tutulan zavod Araz çayında biomüxtəlifliyi məhv etmək və Araz hövzəsindəki əkinəyararlı torpaqlarımızı səhralaşdırmaq niyyəti güdür. Belə deyilsə, həmin zavodu aparıb Azərbaycan sərhədlərindən uzaqda, Ermənistanın dərinliklərində inşa edə bilərlər”.
Taleh Şahsuvarlı vurğulayıb ki, metallurgiya zavodunun inşa olunduğu Arazdəyən ərazisi əslində tarixi Azərbaycan torpaqlarıdır. Bu səbəbdən də həmin ərazilərdə ekosistemi risk altına alan istənilən təşəbbüsə Azərbaycan ictimaiyyətinin və vətəndaş cəmiyyəti fəallarının həssas yanaşması təbiidir. Çünki yurd-yuvasından didərgin düşmüş Qərbi Azərbaycan icmasının üzvləri gec-tez Ermənistanın müxtəlif bölgələrinə, o cümlədən də Arazdəyənə qayıdacaqlar. (AZƏRTAC)