Hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşması prosesinin ayrılmaz tərkib hissələrindən biri də kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyətinin təmin edilməsidir. Müasir dövrdə mətbuat və söz azadlığı cəmiyyətin və dövlətin demokratik inkişaf göstəricisi kimi qəbul olunur. Kütləvi informasiya vasitələri – qəzetlər, jurnallar, teleradiolar, informasiya agentlikləri və informasiyanın müntəzəm formada yayıldığı digər vasitələr cəmiyyətin inkişafına ciddi təsir göstərən, onun mahiyyətini müəyyənləşdirən siyasi sistemin tərkib hissəsidir.
Ölkəmizdə söz azadlığının bərqərar olunması və onun əsas daşıyıcısı olan müstəqil mətbuatın yaradılması Ümummilli Liderimiz Heydər Əliyevin adı, siyasi və dövlətçilik fəaliyyəti ilə sıx bağlıdır. Dahi şəxsiyyət müstəqil mətbuatı demokratiyanın əsas tələblərindən biri kimi dəyərləndirmiş, bu sahənin inkişafına xüsusi diqqət yetirmişdir. Görkəmli dövlət xadiminin 1998-ci il 6 avqust tarixli “Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında” fərmanı ölkəmizdə söz, fikir və mətbuat azadlıqlarının təminatına əlverişli şərait yaratmış, senzura ləğv olunmuş, dövlətin mətbuat üzərində nəzarətinə son qoyulmuşdur. 1999-cu il dekabrın 7-də qəbul olunan “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunu isə bu sahədə fəaliyyəti tənzimləyən əsas hüquqi sənəd olmuş, Azərbaycan Respublikasının Konstitusiyasında söz, fikir və mətbuat azadlığı təsbit olunmuşdur. Müdrik dövlət rəhbəri deyirdi: “Mətbuat demokratiyanı dərinləşdirən, siyasi inkişafa təkan verən qüdrətli vasitədir. O, həyatın güzgüsü, həqiqətin carçısı olmalıdır, insanları yüksək ideallar uğrunda mübarizəyə səsləməli və səfərbər etməlidir”.
Bu gün Ulu Öndərin əsasını qoyduğu mütərəqqi siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyəti, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsi üçün hərtərəfli şərait yaradılır. Ölkəmizdə qəbul edilmiş “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” mətbuat-dövlət münasibətlərini tənzimləyən və dövlətin bu sahədəki siyasətini tam mənada ifadə edən baza rolunu oynayır. Dövlət başçısının 2009-cu il aprelin 3-də imzaladığı “Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında” Fərmanı da bu istiqamətdə atılmış mütərəqqi addımlardan biridir.
Hazırladı: Mina RƏŞİD