24.04.2025, 17:07
AZ EN
10.01.2024, 15:49 355

Qərvənd sakini doğma yurdda duyğulu anlar yaşadı

XƏBƏRLƏR
  • Sakinləri yeni Qərvəndin  sorağı ilə bu xaraba qalan yurd yerlərini ziyarət edirlər.

Kənd sakini Tamara Məhərova deyir ki, uşaqlığım, gəncliyim bu kənddə keçsə də kəndimiz haqqında bütün xatirələrim yaddaşımdan silinib. O, yalnız müharibə dövründə yaşadıqlarını xatırlayır. İndi bu uçuq divarların arasında öz uşaqlıq, gənclik illərini axtarır.  44 günlük müharibədən sonra birinci dəfədir kəndə gəldim deyən Tamara xanımın qəhər boğazına dirənsə də özünü əla alıb deyir ki, ağlıma sığmayan, gözlərimə inamadığım mənzərə ilə rastlaşdım, gedib evimi də gördüm, istədim ki, bura ilə bağlı hansısa bir hadisəni, xoş anları xatırlayım, yadigar kimi yaddaşıma köçürüm, amma heç bir xatirə qalmayıb, silinib hamısı.

Kəndin ancaq xarabalığı qalsa da,  tezliklə vəziyyət tam dəyişəcək. Burda yeni kənd salınacaq.

2023-cü ilin dekabrın 24-də Prezident İlham Əliyevin Ağdama növbəti səfəri ilə Qərvənd kəndinin həyatında yeni mərhələ başlayır.

Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin Ağdama sonuncu səfəri zamanı təməlini qoyduğu kəndlərdən biri də Qərvənd kəndidir. Qərvənd kəndi də yenidən həyata qaytarılacaq yaşayış məntəqələrimizdən biridir. İlkin mərhələdə bu kənddə 851  fərdi yaşayış evi inşa olunacaq. Ümumilikdə isə Qərvənd kəndində 1495 fərdi evin tikilməsi nəzərdə tutlub. Bu kəndin xarabalığını görüb göz yaşı tökən sakinlərin də  indi gözləri sevinclə dolur. Tamara Məhərova deyir ki, bir tərəfdən kəndin xarabalığını görüb kədərlənirəm, bir tərəfdən isə sevincimin həddi-hüdudu yoxdur və əlavə edir ki, Qarabağımızı cənab Prezidentimizin tapşırığı əsasında xalqımız yenidən bərpa edəcək.

Qərvənd 26 il qərib qalsa da, qarşıda onu sakinləri ilə vüsal gözləyir. İşğal dönəmində keçmiş təmas xəttdə olan və sakinlərinin uzaqdan həsrətlə boylandığı bu kənd indi “Ağıllı kənd” konsepsiyası əsasında yenidən qurulacaq.

Qərvənd kənd sakini Vaqif Məmmədov isə bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz tökülən qanların intiqamını aldı, şəhidlərimizin intiqamını aldı. Bizim arzumuz, istəyimiz hansı ki, biz 30 il bu torpağın, geri qayıtmağının həsrətiylə yaşamışıq, şükürlər olsun ki, bizim bu həsrətimizə son qoyuldu.  Bizi burda firavan həyat  gözləyir.

Qeyd edək ki, tarixi lap qədimlərə dayanan Qərvənd kəndinin adı Qəribbənd olub, yəni qəriblərin bənd tutduğu məkan anlamına gəlir. Kəndin tarixi də qədimdir. İlanlıtəpə adlanan yerdə IV-VI əsrlərə aid yaşayış yerləri də mövcuddur. Kəndin iqtisadi baxımdan da böyük potensialı var. Vaxtilə burda xeyli sənaye müəssisəsi də  fəaliyyət göstərib.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər